Güləşçimiz Əli Rəhimzadə Ukraynada beynəlxalq turnirdə qızıl medal qazanıb

Güləşçimiz Əli Rəhimzadə Ukraynada beynəlxalq turnirdə qızıl medal qazanıb

Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirdə millimizin üzvləri 3 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, turnirdə 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır. Ardınca pəhləvanımız qırğız həmkarına tam üstünlüklə qalib gəlib. Daha sonra yerli güləşçini minimal fərqlə üstələyən təmsilçimiz dörddəbir finalda Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Moldova güləşçisinə gücünü göstərən Ə.Rəhimzadə finala yüksəlib. Həlledici görüşdə Qırğızıstan idmançısını məğlub edən güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləşçimiz Turan Bayramov (65 kq) və qadın idmançımız Türkan Nəsirova (50 kq) isə bürünc medal qazanıblar.

Fevralın 28-dək davam edəcək turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edirlər.

2021-02-28