Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

Martın 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Təftiş Komissiyasının üzvlərini bu məsuliyyətli vəzifəyə seçilmələri münasibətilə təbrik edib. YAP Mərkəzi Aparatının rəhbəri partiyanın Təftiş Komissiyasının qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib.

YAP-ın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə və yeni mərhələnin başlanğıcı olduğunu deyən Tahir Budaqov partiyanın sədri, Prezident İlham Əliyevin qurultayda dərin məzmunlu, proqram xarakterli çıxışının partiyanın fəaliyyətində əsas istiqamət olduğunu nəzərə çatdırıb. Tahir Budaqov, həmçinin partiyanın sədri İlham Əliyevin tövsiyələrini Təftiş Komissiyasının üzvlərinin diqqətinə çatdırıb. O, komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatları Sevinc Hüseynova, Sadiq Qurbanov və Nizami Səfərov iclasda çıxış edərək, yüksək etimad üçün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya komissiya üzvləri adından təşəkkürlərini bildirib, komissiyanın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylə çalışacaqlarını qeyd ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Deputatlar Sevinc Hüseynova Təftiş Komissiyasının sədri, Nizami Səfərov isə sədr müavini seçilib.

İclasda, həmçinin YAP-ın yeni Nizamnaməsinə əsasən, Təftiş Komissiyasının reqlamentinin hazırlanması və digər məsələlər də müzakirə olunub.

Komissiyanın üzvləri müzakirə edilən məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

2021-03-12