“Azərişıq” Ağdamın 8 kəndində yenidənqurma işlərinə başlayıb

“Azərişıq” Ağdamın 8 kəndində yenidənqurma işlərinə başlayıb

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə başlanılıb.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı. İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal-material göndərilib. 1200-dək abonentin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kilovoltluq Əfətli yarımstansiyasından qidalanır.

Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayıl, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kilovoltluq xəttin çəkiliş işləri davam edir.

2021-03-15