Azərbaycanın Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri ATƏT tərəfindən dəstəklənir

Azərbaycanın Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri ATƏT tərəfindən dəstəklənir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenlə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb edilmiş və müəyyən statusa malik təşkilat olduğuna görə Qarabağ münaqişəsindən sonra təşkilatın fəaliyyətdə olan sədrinin və nümayəndə heyətinin Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir. Ötən il sentyabrın 27-də Azərbaycan Ermənistanın təmas xəttindəki təxribatına və yaranmış eskalasiyaya cavab olaraq əks-həmlə əməliyyatlarına başlamış və nəticədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin və ATƏT-in qərarlarının icrasına nail olmuşdur. Beləliklə, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edə bilmişdir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşduğu üçün görüşdə tərəflər arasında əsasən gələcək işlərin istiqaməti ilə bağlı fikirlər müzakirə edilib. Qarabağ müharibəsinin faktiki sonu olan Bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə başlamış genişmiqyaslı tikinti işləri Azərbaycanın bu istiqamətdəki qətiyyətini bir daha sübut edir. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 ilə yaxın bir dövrdə Qarabağda bütün tarixi mədəni irs, infrastruktur, sosial-mədəni obyektlər, yaşayış və qeyri yaşayış fondu dağıdılıb, ərazilərin ekoloji tarazlığı pozulub. Nəticədə, hazırda Qarabağ vandalizmin təsirlərini özündə əks etdirən böyük bir fəlakət zonasına çevrilib. Məhz buna görə Qarabağın reinteqrasiyası, yaxud repatriasiyası, bir sözlə, bölgənin dirçəldilməsi və inkişafı Vətən müharibəsindən sonra Azərbaycan üçün prioritetdir. Bununla yanaşı, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Bəyanatın müvafiq bəndlərinə uyğun olaraq müharibədən sonra hər iki dövlət arasındakı kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlanılıb. Qarabağ müharibəsinin nəticələrindən dərhal sonra Azərbaycanın belə bir təşəbbüsü və onu reallaşdırmaq istəyi tərəflər arasındakı müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq cəhdidir. Bu təşəbbüs, eyni zamanda, nifrət və düşmənçiliyə son qoyulması məqsədilə gələcək üçün uğurlu əməkdaşlığın başlanğıc nöqtəsi ola bilər. Artıq bu vaxta qədər tərəflər arasında danışıqların müxtəlif səviyyələrdə bir neçə mərhələsi olub. Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, bu, regional əməkdaşlığa həm yeni dinamika gətirəcək, həm də yeni imkanlar yaradacaq. Məhz kommunikasiyaların açılması həm də bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Prezident İlham Əliyev artıq müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafda maraqlıdır və bunun üçün Ermənistanla münasibətlərin qurulmasına hazırdır. Sözsüz ki, Azərbaycanın Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri Avropada təhlükəsizlik sisteminin müdafiəsini özünün əsas prioriteti hesab edən ATƏT üçün də dəstəklənəndir. Məhz bu səbəbdəndir ki, ATƏT Qafqazda təhlükəsizliyə, eyni zamanda, təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqda, həmçinin münaqişənin həllinə töhfə verməkdə maraqlı görünür. Bu kontekstdə ATƏT beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizliyi prioritet kimi qəbul edir və Azərbaycanla məhz bu məsələlər üzərində çalışmağı mümkün hesab edir.

2021-03-15