Düşənbədə MDB Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XIX sessiyası keçirilib

Düşənbədə MDB Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XIX sessiyası keçirilib

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Maliyyə Nəzarəti Ali Orqanları Rəhbərləri Şurasının videokonfrans formatında XIX sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada Tacikistandan başqa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan və Ermənistanın maliyyə nəzarəti orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə MDB maliyyə nəzarəti sahəsində qarşılıqlı fəaliyyətin inkişafı, qazanılan təcrübədən səmərəli istifadə, bu ölkələrdə nəzarət və audit orqanlarının qarşılıqlı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Yığıncaqda maliyyə nəzarəti (audit) standartlarının işlənib hazırlanması üzrə İşçi qrupunun fəaliyyəti və ötən müddət ərzində görülən işlər haqqında Şura Katibliyinin hesabatı dinlənilib.

İclasda Özbəkistan Hesablama Palatasının MDB Maliyyə Nəzarəti Ali Orqanları Rəhbərləri Şurasına daxil olması ilə əlaqədar qərar qəbul edilib.

Tədbirdə XIX sessiyadan sonra görüləcək İş Planı da təsdiq olunub.

Növbəti sessiyanın Qırğızıstanda keçirilməsi qərara alınıb.

2021-03-27