Prezident: Suyun ədalətsiz bölüşdürülməsinə, qanunsuz birləşmələrə son qoyulmalıdır

Prezident: Suyun ədalətsiz bölüşdürülməsinə, qanunsuz birləşmələrə son qoyulmalıdır

Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında səsləndirib.

Dövlətimizin başçısı deyib ki, təhlil aparılarkən suyun ədalətsiz bölüşdürülməsi hallarının geniş vüsət aldığına da rast gəlinib: “Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

Prezident bir daha vurğulayıb ki, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni, müasir tələblərə uyğun yanaşma olmalıdır.

2021-04-05