Mustafa Şəntop: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanır

Mustafa Şəntop: Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanır

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasına rəsmi səfəri davam edir.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ombudsman Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan hüquqları üzrə araşdırma komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə komissiyanın rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşüb.

Görüşdə Mustafa Şəntop ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycan və Türkiyənin parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. TBMM-in sədri Vətən müharibəsi dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.

TBMM-in İnsan hüquqları üzrə araşdırma komissiyasının rəhbəri Hakan Çavuşoğlu komissiyanın fəaliyyəti, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. H.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin mənəvi və siyasi dəstək göstərdiyini, qardaş Türkiyə xalqının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

Görüşdə iştirak edən Türkiyə parlamentinin rəsmiləri Azərbaycan xalqını qazanılmış Zəfər münasibətilə ürəkdən təbrik edib, bu tarixi qalibiyyətin bütün türk dünyasının Qələbəsi olduğunu, türk dünyası adına qürur duyduqlarını bildiriblər.

Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə dəstəyini göstərdiyini məmnunluqla qeyd edən ombudsman Səbinə Əliyeva Türkiyənin baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirildiyini, hadisə yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini diqqətə çatdırıb.

Ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, o cümlədən ombudsmanın bu sahədə parlamentlə əməkdaşlığı barədə geniş məlumat verib.

Görüşdə TBMM-in İnsan hüquqları üzrə araşdırma komissiyasının üzvləri, millət vəkilləri Atay Uslu, Osman Nuri Gülaçar, Oya Eronat, Pakize Mutlu Aydemir, Mehmet Bülent Karataş, Servet Ünsal, Müraciətlər üzrə komissiyanın üzvləri, millət vəkilləri Fehmi Küpçü, Mustafa Kendirli, Arzu Aydın çıxış ediblər.

Millət vəkilləri Vətən müharibəsi dövründə Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə danışıb, bunun “Bir millət, iki dövlət” ifadəsinin təzahürü olduğunu vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

2021-04-08