Volkan Bozkır: Azərbaycan BMT üçün vacib ölkələrdən biridir

Volkan Bozkır: Azərbaycan BMT üçün vacib ölkələrdən biridir

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində COVID-19-la mübarizə məqsədilə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edərək liderlik nümayiş etdirdi. Azərbaycan Lideri bu təşəbbüsü ilə dünyaya çox önəmli mesajlar verdi və təşəbbüsü uğurla həyata keçirildi.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır söyləyib.

Volkan Bozkır bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi vəzifəsini uğurla yerinə yetirir. Azərbaycan regionda və dünyada sözü və nüfuzu olan ölkədir. Düşünürəm ki, ölkəniz bundan sonra da beynəlxalq əməkdaşlığa töhfələrini verməkdə davam edəcək.

“Səfərim zamanı keçirilən görüşlərdə biz dünyanı narahat edən problemlərlə bağlı müzakirələr apardıq. Bunlar çətin vəziyyətdə olan ölkələrin durumu və COVID-19-a qarşı mübarizə yolları, vaksinlərin ölkələr arasında bərabər bölünməsi, həmçinin su və enerji ilə bağlı məsələlərdir”, - deyə o bildirib.

2021-04-09