Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsinin əbədiləşdirilməsini və gücünü nümayiş etdirir

Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsinin əbədiləşdirilməsini və gücünü nümayiş etdirir

Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurdu. Bu parkda nümayiş etditilən hər bir eksponat böyük Zəfərin bir parçasıdır. Çünki Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Parkın açılması tarixi qələbəmizin əbədiləşdirilməsi, şüurlarda daha dərindən iz qoymasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, bu parka gələn hər kəs təqdim edilən eksponatlara baxarkən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığını, cəsarətini, düşmən üzərindəki böyük zəfərinin şahidi olacaq. Belə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasında dayanan amillər güc, yenilik, inkişaf və Vətən sevgisidir. Bu park Azərbaycan Ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərini göstərir. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarixi bir addımdır.

Cəlil Xəlilov qeyd edib ki, Hərbi Qənimətlər Parkı, eyni zamanda, ordumuzun yenilməzliyindən, Ali Baş Komandanımızın gücündən, qətiyyətindən xəbər verir. Bu park və orada nümayiş etdirilən eksponatlar düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir.

Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları nümayiş olunur. Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaların əksəriyyətini işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni qorxuya saldığına nümunədir.

Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb ki, Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu və öyrənilir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXl əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də ikinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

Bu müharibədə Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti böyükdür. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək tarixi qələbə qazandı. Bu müharibə Azərbaycan Ordusunun gücü, Azərbaycan hərbçilərinin peşəkarlığı, qəhrəmanlığını göstərdi. Qırx dörd gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər.

“Qarabağ müharibəsi xalqımızın şanlı tarixidir və onun iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Bu müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının zəfəridir.

Hərbi Qənimətlər Parkının açılması isə xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyünün, onun məğlubedilməzliyinin bariz nümunəsidir”, - deyə polkovnik əlavə edib.

2021-04-13