Bəzi tibb müəssisələrinin rəhbərlərinin öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salması ən ağır cəzaların tətbiqini zəruri edir

Bəzi tibb müəssisələrinin rəhbərlərinin öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salması ən ağır cəzaların tətbiqini zəruri edir

Bir ildən artıq müddətdir ki, ölkəmiz də dünyanın bir parçası olaraq koronavirus pandemiyası ilə mübarizə aparır. Bu ümumbəşəri bəla ilə mübarizədə hər ölkənin öz dəst-xətti var. Azərbaycanda koronavirusun yayılmasının ilk günlərində Prezident İlham Əliyev bütün qərarların qəbul edilməsində əsas amil kimi Azərbaycan vətəndaşının sağlamlığının vacibliyini qeyd edib.

Pandemiya başlayandan indiyədək dövlət tərəfindən effektiv mübarizə üçün mümkün imkanlardan maksimum dərəcədə istifadə edilib. Yoluxmanın qarşını almaq üçün sərhədlər bağlanılıb, modul tipli xəstəxanalar yaradılmaqla çarpayı sayları çoxaldılıb. Ölkəyə tibbi avadanlıqların, ləvazimatların və dərmanların gətirilməsi həyata keçirilib. Geniş iqtisadi və sosial paketlər elan edilib. Çox təəssüf ki, bəzi səlahiyyət sahibləri öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salır.

Bunu AZƏRTAC-a İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Bildiyimiz kimi bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.

Xəstəxana rəhbərliklərinin ayrı-ayrı koronavirus xəstələrinin tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alması, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılması, “VİP korpus”larda digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alınması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Əlbəttə qeyd olunan faktların baş verməsi çox təəssüf hissi doğurur. Prezident İlham Əliyevin ölkə vətəndaşlarını vaksinlə təmin etmək məqsədilə qətiyyətli mövqe nümayiş etdirdiyi bir vaxtda, vaksinlərin ədalətli bölünməsi ilə bağlı dünya ölkələrinə çağırış etdiyi bir zamanda, bəzi tibb müəssisələrinin rəhbərlərinin pandemiya şəraitindən istifadə edərək, öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salması ən ağır cəzaların tətbiq edilməsini zəruri edir.

Vətəndaşların haqlı iradları və bu məsələdə də dövlət qətiyyətli mövqeyi göstərir ki, günahkarlar cəzalandırılır.

Hər iki tibb müəssisəsi çox həssas missiyanı yerinə yetirməli olduğu bir məqamda, yuxarıda qeyd olunan mənfi əməllərə yol verilməsi və dövlət tərəfindən dərhal ciddi tədbirlərin həyata keçirilməsi digər qurumlar üçün də ciddi siqnal olmalıdır.

Ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə məsuliyyətli fəaliyyətləri həyata keçirən tibb işçilərinin gərgin və fədakar əməyini hər bir vətəndaş yüksək qiymətləndirir.

Tibbi müəssisələrin rəhbər şəxsləri xidməti səlahiyyətlərinin icrası zamanı ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən bu sahədə həyata keçirilən tədbirlərə kölgə salmamalı və qanunsuz əməllərə yol verməməlidirlər.

Bu gün ifşa olunan faktlar ölkə əhalisinə göstərilən tibbi xidmətlər sahəsində ictimai nəzarətin aparılması və şəffaflığın təmin olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi vacibliynini təsdiqləyir. Xüsusən son dövrlər icbari tibbi sığortanın da tətbiq olunduğunu da nəzərə alsaq, dövlət nəzarətinin güclənməsi və paralel olaraq ictimai nəzarətin həyata keçirilməsi daha effektiv nəticələrə səbəb ola bilər.

2021-04-22