Deputat: Artıq Ermənistan dünyada terrorçu dövlət kimi tanınır

Deputat: Artıq Ermənistan dünyada terrorçu dövlət kimi tanınır

Prezident İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkəmizin sosial-iqtisadi sahələrində əldə etdiyi uğurları vurğulamaqla yanaşı, Ermənistanın 30 ilə yaxın dövr ərzində respublikamıza qarşı apardığı təcavüzkar siyasətin acı nəticələrinə də diqqət çəkib. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini bir daha beynəlxalq aləmə çatdıraraq, bölgədə yaranmış yeni reallıqlara aydınlıq gətirib, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar ünvanlayıb, eyni zamanda, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Deputat bildirib: “Ölkə rəhbəri müsahibəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünün bərpasına nail olmaqla bərabər, həm də erməni faşizmini məhv etdiyini diqqətə çatdıraraq deyib: “Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”.

Həqiqətən də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü dövrdə təkcə soydaşlarımız ev-eşiklərindən didərgin salınmadı, həm də torpaqlarımız viran edildi, evlər və ictimai binalar, kommunikasiyalar, tarix və təbiət abidələri dağıdıldı, bağ-bağatlar, meşələr talan olundu. Bütün bunlar azmış kimi, qəddar düşmən ərazilərimizi başdan-başa minaladı və acı məğlubiyyətindən sonra minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən boyun qaçırdı.

Azərbaycan bu gün gücü, iradəsi hesabına işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirir. İşğalçının minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi isə onun barbar, faşist, terrorçu xislətindən xəbər verir. Dövlətimizin başçısı müsahibəsində bununla bağlı deyib: “İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub…”.

Şübhəsiz ki, Ermənistan bu vandal əməlinə, talançılığına görə məsuliyyətə cəlb ediləcək, xarici tərəfdaşları ilə birlikdə beynəlxalq məhkəmələr qarşısında dayanacaq. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir. İşğal nəticəsində vurulmuş ziyanın hesablanması xarici mütəxəssislərin iştirakı ilə reallaşdırılır.

Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə gerçəkləşdirilir.

Deputat Zəngəzur dəhlizi ilə bağlı bir məqama da toxunub. Bildirib ki, bu dəhliz Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli sənədlərdə ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar olması üçün əsas vasitəni əməkdaşlıqda görür. Buna görə də Zəngəzur dəhlizinin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

2021-04-23