Qaqauziyada Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Mədəniyyət və Təhsil Mərkəzi tamamlanma mərhələsindədir

Qaqauziyada Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Mədəniyyət və Təhsil Mərkəzi tamamlanma mərhələsindədir

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Komrat şəhərində Qaqauz Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə görüş keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizlə Qaqauziya arasında bütün sahələr üzrə genişlənən əməkdaşlıq münasibətləri, Azərbaycanın Qəbələ rayonu ilə Qaqauziya arasında qardaşlaşmaya dair sazişin imzalanması perspektivləri və bununla əlaqədar İ.Vlaxın ölkəmizə səfərinin planlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfir Qaqauziya rəhbəri və nümayəndə heyəti ilə birgə Çadır-Lunqa şəhərinə yola düşərək burada Heydər Əliyev Fondu tərəfindən inşa edilən Mədəniyyət və Təhsil Mərkəzində yekunlaşmaq üzrə olan işlərin gedişatına və keyfiyyətinə baxıb, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, mərkəzin inşasına 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında başlanıb. Hazırda layihə üzrə son tamamlanma işləri həyata keçirilir. Mədəniyyət və Təhsil Mərkəzinin binası bütün lazımi əşya və avadanlıqlarla təchiz edilib və kommunal şəbəkələrə qoşulub.

Eyni zamanda, Mərkəzin yerləşdiyi ərazinin abadlaşdırılması üzrə işlər davam etdirilir. Ümumi sahəsi 1500 kvadratmetr olan Mərkəzdə 166 nəfərlik akt zalının, uşaqlar üçün incəsənət, musiqi və yaradıcılıq mərkəzlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Mərkəzdə aparılan işlərlə tanışlıq zamanı Qaqauziya rəhbəri İ.Vlax mərkəzin uşaqların inkişafı istiqamətində yeni imkanlar açacağını bildirərək xalqlarımız arasında dostluq rəmzinə çevriləcək təhsil ocağının inşa edilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib, mərkəzə ulu öndər Heydər Əliyevin adının verilməsi təklifini bir daha dilə gətirib.

Görüşün sonunda səfir Q.Osmanov yerli mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

2021-04-28