Füzuli şəhərində yeni 110 kilovoltluq yarımstansiyanın tikintisi başa çatır

Füzuli şəhərində yeni 110 kilovoltluq yarımstansiyanın tikintisi başa çatır

Füzuli şəhərində yeni 110 kilovoltluq yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

O qeyd edib ki, Füzuli rayonunun mərkəzində yeni tikilən yarımstansiya bütün əhəmiyyətli obyektlərlə yanaşı, əhalini də enerji ilə təmin edəcək. Fizuli şəhərində “Azərenerji” ASC tərəfindən yeni 110/35/10 kilovoltluq yarımstansiyanın tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. Yarımstansiya Füzuli şəhərinin mərkəzində inşa edilir, yaxınlığında yeni hava limanının inşa olunması stansiyanın əhəmiyyətini artırır. Ən yeni avadanlıqlarla təchiz edilən Füzuli yarımstansiyası SCADA Dispetçer sistemi vasitəsilə Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.

“Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş bütün rayonlarda Füzuli rayonunda da yeni 110/35/10 kilovoltluq yarımstansiya inşa edilir. Füzuli rayonunda tikiləcək obyektlər, əhali və digər abonentlər, yaxınlıqdan keçən “Zəfər yolu” və digər strateji obyektlər Füzuli yarımstansiyasından qidalanacaq. Şükürbəyli yarımstansiyası tam yenidən qurulur. Qeyd edim ki, Şükürbəyli yarımstansiyası işğaldan azad edilən bütün rayonların elektrik enerjisi ilə təchizatında böyük rol oynayacaq. Belə ki, əksər yarımstansiyalar məhz buradan qidalanacaq. Füzuli yarımstansiyasına məhz Şükürbəyli yarımstansiyasından yeni 110 kV-luq elektrik verilişi xətti çəkilib. İşlər yekunlaşmaq üzrədir”, - deyə T.Abdullayev bildirib.

Füzuli yarımstansiyasında işlərin ayyarım müddətində yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, hazırda işğaldan azad edilən rayonlarda ümumilikdə 9 yeni yarımstansiya tikilir.

2021-05-20