Natali Qule: Ağdam şəhərində bir dənə də olsun salamat tikili qalmayıb

Natali Qule: Ağdam şəhərində bir dənə də olsun salamat tikili qalmayıb

Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Natali Qule mayın 24-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

AZƏRTAC xəbər verir ki, ziyarətdən sonra jurnalistlərə müsahibəsində işğaldan azad edilən rayonlara səfəri ilə bağlı təəssüratlarını bölüşən Fransa Senatının üzvü deyib: “Biz Ağdamı ziyarət etdik, şəhərdəki tikililərdən heç nə qalmayıb. Biz yenidən qurub yaratmalıyıq. Xüsusilə minaların olduğu ərazilərdə böyük çətinliklər var. Bütün ərazilər tamamilə minalanıb”.

Son 20 ildə Azərbaycana dəfələrlə səfər etdiyini bildirən senator N.Qule qeyd edib: “Mən Azərbaycana səfərlərim zamanı məcburi köçkünlərlə görüşmüşəm. Onlar hər zaman doğma torpaqlarına qayıtmaq arzusunda olublar. Amma bunun üçün minalar təmizlənməlidir. Bu, bizim ilk missiyamızdır. Sonra biz hər şeyi yenidən qurub yaradacağıq”.

Ağdamda məscidləri, Çörək muzeyini ziyarət etdiyini vurğulayan Natali Qule şəhədə bir dənə də olsun salamat tikilinin qalmadığını bildirib.

2021-05-24