Ekspert: COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin götürülməsinə şərait yaradacaq

Ekspert: COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin götürülməsinə şərait yaradacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirdiyi brifinq və açıqladığı qərarlar hər birimiz üçün sevindirici oldu.

Sərtləşdirmiş karantin qaydaları vətəndaşlarla yanaşı, dövlətimiz üçün də əlavə öhdəliklər yaradırdı və dövlətimiz də bu öhdəliklərdən çıxış edərək müxtəlif sahələrə dəstək mexanizmərini yönəldirdi.

Hazırda koronovirusa yoluxma hallarının azalması Operativ Qərargahın yumuşaldıcı qərarları qəbul etməsinə imkan yaratdı. Bunu AZƏRTAC-a İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Ekspert hesab edir ki, Azərbaycanda COVID-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrdə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Dünyanın bir sıra ölkəsində hələ də tam qapanma şəraiti davam edir, açılım tədbirlərinə getmək mümkün olmur, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə edib.

Hesab edirəm ki, uğurlu nəticələrin əldə olunmasında vaksinasiya mühüm rol oynayır. Bu gün ölkədə 2 milyondan artıq vaksin vurulub. Vaksinasiya olunmuş şəxslərin sayına görə ölkəmiz bir çox dövlətlərdən irəlidədir. Hətta Azərbaycan 1-ci və 2-ci mərhələ üzrə vaksinasiya olunanların sayına görə, vaksin istehsal edən Rusiyadan da irəlidədir.

Vəziyyətin stabil saxlanması üçün ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri ölkə vətəndaşları üçün əlçatandır.

Bu uğurlu nəticələrin əldə olunması, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Hamı təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, ümumi işə öz töhfəsini verməlidir. Biz xüsusən xarici ölkələrin təcrübəsində ötən dövrdə yoluxmaların birdən-birə sürətlə artması hallarının şahidi olmuşuq. Çünki yoluxma sayı anı zamanda həndəsi silsilə ilə artmağa başlayır. Onu da qeyd etmək lazımdır ki, yoluxmaların sayı azalsa da, ölkədə ölüm sayı hələ də yüksəkdir və bu, arxayınlaşmağa əsas verməməlidir.

COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayacaq. Bu addım həm də məsuliyyətli vətəndaşlar üçün maksimum mövcud imanlardan yaralanmağa imkan yaradacaq.

2021-05-26