“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub. Bu iki qol “Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti mərhələdə “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. “Partizani” avrokuboklarda mübarizəsini dayandırmır. Albaniya təmsilçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

22:12

“Qarabağ” və Albaniyanın “Partizani” komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun 51-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” 1:0 hesabı ilə irəlidədir.

21:50

“Qarabağ” və Albaniyanın “Partizani” komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

21:00

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” cavab oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena” stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində 11-likdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdulla Zubir, Araz Abdullayev və Xayme Romeo yer alıblar.

Qonaqlar - “Partizani”nin heyətində isə meydana Alban Hoca, Eqzon Belika, Erald Çinari, Yasir Asani, Bruno Teluşi, Esat Mala, Labinot İbrahimi, ErsinHakay, Uilyam Kordeyro, Eneo Bitri və Emmanuel Mensah çıxıblar.

Oyun moldovalı hakimlər briqadası tərəfindən idarə olunur. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan kömək edirlər. Dördüncü hakim funksiyasını isə Aleksandru Tyan yerinə yetirir.

Xatırladaq ki, Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.

Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.

2019-07-17