“EYOF 2019”: Atletlərimiz güləş yarışlarının sonuncu günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

“EYOF 2019”: Atletlərimiz güləş yarışlarının sonuncu günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan atletləri 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, atletlərimiz yarışların sonuncu günündə 7 çəki dərəcəsindən 6-sı üzrə medala sahib olublar. Yunan-Roma və sərbəst güləş yarışlarının hər birində 2 qızıl, qadın güləşi üzrə isə 1 gümüş və 1 bürünc medal qazanılıb.

Yunan-Roma güləşçimiz Elmir Əliyev (51 kq) finalda ukraynalı Sanya Yakovlev üzərində inamlı qələbə (10:0) qazanaraq ölkəmizin aktivinə beşinci qızıl medalı yazdırıb. Onun komanda yoldaşı Xasay Həsənli (65 kq) finalda almaniyalı Deni Nakayevi məğlub edərək (3:2) çempion olub.

Sərbəst güləşçilərimizdən Kənan Heybətov (51 kq) final görüşündə rusiyalı Rüstəm Dolayevi (8:5) məğlub edib. Cəbrayıl Hacıyev (65 kq) da finalda rusiyalı idmançını - Batırbek Tsxovrebovu (6:5) məğlubiyyətə uğradaraq qızıl medal qazanıb.

Qadın güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) finalda Rusiya təmsilçisi Polina Lukinaya uduzaraq gümüş medalla kifayətlənməli olub. Nigar Mirzəzadə (65 kq) isə bürünc medal uğrunda görüşdə polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edərək üçüncü yerə layiq görülüb.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Baş Nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev, Olimpiya çempionu Namiq Abdullayev və digər şəxslər təqdim ediblər.

Beləliklə, güləşçilərimiz XV Avropa Gənclər Olimpiya Festivalında böyük uğura imza ataraq bu mötəbər yarışı 8-i qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla 16 medalla başa vurublar. Yunan-Roma pəhləvanlarımız 5 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş, 1 bürünc, qızlarımız isə 3 gümüş və 1 bürünc medal qazanıblar.

Xatırladaq ki, iyulun 21-də - yarışların birinci günündə yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal əldə ediblər.

İyulun 22-də yunan-Roma güləşçilərimiz Qurban Qurbanov (48 kq), Həsrət Cəfərov (60 kq) qızıl, sərbəst güləşçimiz Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) bürünc medala layiq görülüblər. Qadın güləşçilərin mübarizəsində Gültəkin Şirinova (46 kq), Mərziyə Sadıqova (61 kq) ikinci yeri tutublar.

2019-07-23