Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açılıb

Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açılıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım mərasimdə çıxış edərək 44 günlük Vətən müharibəsində hərbçilərimizin rəşadətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qələbəsindən ətraflı danışıblar.

Vurğulanıb ki, Türkiyənin də siyasi-mənəvi dəstəyi ilə qazanılan parlaq Qələbə bütün türk dünyasının dövlətçilik tarixinə yeni şanlı səhifə açıb. Prezident İlham Əliyevin güclü liderliyi ilə yaradılan qalib xalq, qəhrəman Ordu, bütöv Vətən obrazı hər bir soydaşımızın və bizi sevənlərin qürur mənbəyinə çevrilib.

Diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" bu parlaq Zəfərin məntiqi nəticəsi, qardaşlığımızın qazandığı əbədiyyətdir. Diqqətə çatdırılıb ki, bu sənəddən irəli gələn məsələlər, orada təsbit olunan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəyliyin göstərilməsi məqsədilə səylərini birləşdirmələri, habelə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyət konsepsiyası müəyyənləşdiriləcək.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan natiqlər diqqətə çatdırıblar ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində əldə olunan böyük nəticələr, o cümlədən tarixi Zəfər dahi şəxsiyyətlərimizin ruhunu şad edir. Əminliklə ifadə olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərin qətiyyətli qərarları iki qardaş ölkənin birgə inkişafını təmin edib.

Komitə sədri Fuad Muradov və baş idarə rəisi Abdullah Eren çıxışlarında diaspor təşkilatlarımızın qarşısında duran mühüm vəzifələr, birgə fəaliyyətin tələbləri və yaratdığı perspektivlərdən geniş danışıblar. Qeyd olunub ki, Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti böyük nəticələr vəd edir.

Tədbirdə Azərbaycan Evinin işinə uğurlar arzu edilib və əminliklə vurğulanıb ki, bura Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də bütün azərbaycansevərlər üçün doğma məkana çevriləcək.

Mərasim boyu “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.

Tədbir bədii-musiqili proqramla davam edib.

Sonra iştirakçılar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun da yerləşdiyi Azərbaycan Evi ilə tanış olublar.

Mərasimdən sonra komitə sədri Fuad Muradov və baş idarə rəisi Abdullah Eren jurnalistlərə birgə müsahibə veriblər.

2021-06-28