Qənirə Paşayeva: Ermənistanda ictimai-siyasi proseslər artıq Azərbaycanın “dəmir yumruğu”nun kölgəsində cərəyan edir

Qənirə Paşayeva: Ermənistanda ictimai-siyasi proseslər artıq Azərbaycanın “dəmir yumruğu”nun kölgəsində cərəyan edir

Uzun illərdən sonra Azərbaycan Silahlı Qüvvələr Gününü fərqli ovqatda keçirdik. Qalib ölkə olaraq, sevincimiz, fərəhimiz, qürurumuz sonsuzdur. Bəli, builki bayramlarımız bir başqadır və ayrı bir gözəllikdir. Bu sırada Silahlı Qüvvələr Gününün öz yeri, öz missiyası var. Əcdadların ənənələrini müasir hərbin yenilikləri ilə universal şəkildə birləşdirən Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə bölgəyə, yaxın-uzaq coğrafiyaya həqiqətin gücünü, gücün həqiqətini göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, yalançı və haqsız “uğur”lardan başı gicəllənən Ermənistanın hərbi-siyasi rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər üçün yeni müharibə” kimi sərsəm bəyanatlar verməyə başlamışdı. Ardınca Ermənistandan Cəbrayıla, Kəlbəcərə yeni yollar çəkilməyə başlandı, qondarmadan daha qondarma Xankəndi rejiminin “seçkilər”i keçirildi, Şuşada “andiçmə” hoqqası çıxarıldı, oyuncaq “parlament”in Xankəndidən Şuşaya köçürələcəyi və digər məsələlərlə bağlı açıqlamalar oldu. Ermənistanın azğınlığı o həddə çatdı ki, Qarabağdakı qanunsuzluqları bir yana, 2020-ci il iyulun 12-də Tovuza qəfil hücum həyata keçirildi. Tovuzda burnu ovulan düşmən avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərdi. Nəhayət sentyabrın 27-də səhər saat 06:00-da Qarabağdakı Ermənistan hərbi birlikləri təmas xətti boyunca hücuma cəhd etdi. Bu, artıq bardağı daşıran son damla oldu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri ilə əks-hücuma keçən şanlı Ordumuz düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları darmadağın etdi. İşğalçı ilə xilaskarın, yadelli ilə torpaq sahibinin, saxta “qalib ədası” ilə əsl qəhrəmanlığın fərqinin necə olduğunu göstərdi.

Q.Paşayeva vurğulayıb ki, Ermənistanda ictimai-siyasi proseslər artıq Azərbaycanın “dəmir yumruğu”nun kölgəsində cərəyan edir. Bu gün o “dəmir yumruq” Hadrutda abidəyə çevrilib. Tarixi ədaləti bərpa etmiş Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bütün çıxışlarının maraqlı və yaddaqalan olduğunu vurğulayan deputat deyib: “Azərbaycan Prezidentinin çıxışları ən ümidsiz vaxtlarda ümid verib, inam aşılayıb. Tarixi Zəfərdən sonrakı çıxışlarında isə dövlətimizin başçısı əvvəllər verdiyi vədləri bir-bir xatırladaraq, hazırkı parlaq nəticələrə necə nail olunduğunun “yol xəritəsi”ni göstərdi. Bu gün Azərbaycan dövləti daxili siyasətdə, beynəlxalq aləmdə, ordu quruculuğu, iqtisadi, siyasi-diplomatik sahələrdə qarşıya yeni tapşırıqlar və vəzifələr qoyub”.

Deputatın sözlərinə görə, dövlətimizin başçısının çıxışları konkret olaraq onu deməyə əsas verir ki, Azərbaycan xalqı qarşıya qoyulmuş bütün vəzifələri öz Prezidentinin güclü siyasi iradəsi ilə bundan sonra da yerinə yetirəcək. Xocalı soyqırımını, Qarabağda yaşananları, vandalların Azərbaycana vurduğu ziyanları unutmuruq, unutmayacağıq. Silahlı Qüvvələrimizin say tərkibi, silah arsenalı daha da böyüyəcək. İqtisadi gücümüz yeni reallıqlar fonunda daha da artacaq.

Böyük Qayıdış üçün mümkün olan hər şey edildi ki, məcburi köçkünlərimizin öz yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtması ilə Qarabağda yeni həyat başlasın. Qarabağda yeni həyat yalnız psixoloji deyil, sosial üstünlüklərə də malik olacaq. Belə ki, şəhid ailələrinə, qazilərə, ümumilikdə ömrü yolu Silahlı Qüvvələrdən keçmiş Vətən oğullarının həyat şəraiti, onlara göstərilən diqqət və qayğı artan xətt üzrə davam edəcək. Azərbaycan dünya birliyinin layiqli üzvü kimi öz nüfuzunu qorumağa, yeni dostlar qazanmağa qadirdir. Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatıb və şəhidlərimizin intiqamı döyüş meydanında alınıb. Azərbaycan müdrik, uzaqgörən dövlət başçısı, onun intellekti, dövlət-xalq birliyi, xalqın vətənpərvərliyi sayəsində BMT-nin, ATƏT-in, digər beynəlxalq təşkilatların edə bilmədiklərini reallaşdıraraq yeni ümumdünya örnəyi yaradıb.

Deputat vurğulayıb ki, bizim sevincimiz yalnız Qələbəyə əsaslanmır, həm də onun ədalətli olmasına əsaslanır. “Biz ədaləti bərpa etmişik. Bu, mühüm məsələdir. Ədalətsiz qələbə davamlı ola bilməz, xalqa xeyir gətirməz, dünya birliyi tərəfindən qəbul edilməz. Biz Ermənistanın məhz belə saxta qəhrəmanlıq tarixçəsini silərək, onlara əsl qəhrəmanlığın necə olduğunu göstərmişik. Biz ədalətli qalibiyyətin, əsl qalibin necə olduğunu nümayiş etdiririk. Azərbaycanın qazandığı Qələbə ədalətin, şərəfin, ləyaqətin təntənəsidir”, - deyə deputat vurğulayıb.

2021-06-28