Türkiyədəki diaspor təşkilatları Ermənistanın və “CRONIMET” şirkətinin törətdiyi ekoloji terrorun dayandırılmasını tələb edirlər

Türkiyədəki diaspor təşkilatları Ermənistanın və “CRONIMET” şirkətinin törətdiyi ekoloji terrorun dayandırılmasını tələb edirlər

Türkiyədə fəaliyyət göstərən aparıcı diaspor təşkilatları, o cümlədən media qurumları Ermənistan hökuməti və Almaniyanın “CRONIMET” şirkəti tərəfindən törədilən ekoloji terrora qarşı etiraz bəyanatı yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda mənbəyini Ermənistan ərazisindən götürən və transsərhəd çay statusu daşıyan Oxçuçayın real vəziyyəti, ona göstərilən münasibət düşmənçilik, açıq ekoloji terror fəaliyyəti kimi dəyərləndirilir.

Beynəlxalq təşkilatlara türk və ingilis dillərində ünvanlanmış müraciətdə Oxçuçayın mədən tullantıları ilə normadan dəfələrlə çox çirkləndirilməsi bölgədəki əsas su mənbələrinə, o cümlədən Araz çayında və Xəzər dənizində canlı aləmə qarşı açıq təhlükə mənbəyi kimi qiymətləndirilir. Bildirilir ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür. Nəticədə çaydakı çirklilik səviyyəsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa zəhərləyici təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında mühüm rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyə məruz qalması səbəbindən onun məişət və kənd təsərrüfatı üçün istifadəsi son dərəcə təhlükəlidir.

Yetmiş beş qurum tərəfindən imzalanan bəyanat bu fikirlərlə tamamlanır: “Birləşmiş Millətlər Təşkilatının ərzaq təhlükəsizliyi üzdə aidiyyəti qurumlarının içməli su mənbələrinə qarşı biganəliyin su qıtlığı kimi qlobal böhrana gətirib çıxaracağına dair hesabat yaydıqları bir halda, Ermənistan hökumətinin və Almaniyanın “CRONIMET Mining AG” şirkətinin Oxçuçayla bağlı törətdiyi ekoloji terrora göz yummaq olmaz!”.

Bəyana Türkiyə KİV-ləri tərəfindən geniş yayılıb.

2021-07-05