Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbçilərə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbçilərə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi beynəlxalq hüquq və humanitar hüquq normalarının pozuntuları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.

Ombudsman aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvəkkil Səbinə Əliyeva öz mandatı çərçivəsində müvafiq dəlil və sübutların toplanılması, təhlil edilməsi nəticəsində əldə olunmuş materiallar əsasında hesabat hazırlayıb.

Hesabat Ermənistan ilə Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri azərbaycanlı hərbi qulluqçulara qarşı qeyri-insani və alçaldıcı rəftar, işgəncə faktlarını əyani sübutlarla özündə əks etdirir.

Bunlarla yanaşı, azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və bu kimi digər faktlar qeyd olunub.

Hesabatda Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi müharibə, sülh və insanlıq əleyhinə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.

Hazırlanmış hesabatda konfidensial xarakterli məlumatların (fotoşəkillərin), habelə insan psixologiyasına dərin təsir göstərə biləcək ağır səhnələrin yer alması ilə əlaqədar sözügedən hesabat ictimaiyyətə açıqlanmır.

2021-07-17