Numan Kurtulmuş: Region ölkələrinin birgə platforma yaradaraq problemləri öz aralarında həll etməsi ən doğru yoldur

Numan Kurtulmuş: Region ölkələrinin birgə platforma yaradaraq problemləri öz aralarında həll etməsi ən doğru yoldur

Qafqaz İslam Ordusunun şəhidlərini yad edirik. Onlar 99 il əvvəl Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşmüsünüz. Türk şəhidləri iki xalq arasında qardaşlıq bağlarını da möhkəmləndirir. Siz Azərbaycanın azadlığı uğrunda necə şəhid oldunuzsa, biz bu gün eyni qardaşlıqla Azərbaycanın yanında oluruq. Qarabağın azadlığını təmin edən bütün şəhidlərimizə də rəhmət diləyirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş söyləyib.

Ermənistanın qeyri-konstruktiv davranışlarından danışan N.Kurtulmuş bildirib ki, rəsmi İrəvan problemləri həll etmək üçün bölgəyə aid olmayan ölkələrə arxalanmaqdan çəkinməlidir. Bu cür addımlar onların ziyanına işləyir. Əgər onlar regionda normal qonşuluq münasibətlərini görmək istəyirlərsə, beynəlxalq hüququn normalarına əməl etməlidirlər.

Numan Kurtulmuş, həmçinin deyib: “Prezidentimizin Qarabağ Zəfərindən sonra təklif etdiyi kimi, 6 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanın birgə platforma yaradaraq problemləri öz aralarında həll etməsi ən doğru yol olduğunu düşünürəm. Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli müharibədən sonra bərqərar olan sülh şəraitinin davam etdirilməsindən keçir. Problemlər müzakirə yolu ilə həll olunmalıdır. Ermənistanın xarici ölkələrə, xaricdəki diasporuna arxalanaraq, gərginlik yaratmağa çalışması erməni xalqının da xeyrinə deyil. Bundan sonrakı mərhələdə Ermənistanın daha təmkinli davranması onun gələcəyi üçün daha yaxşı olar”.

2021-07-26