Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərlərinin görüşü keçirilib

Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərlərinin görüşü keçirilib

İyulun 27-də Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Birliyinin sədri Eyyüp Kadir İnan və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən AKP Gənclər Birliyinin sədri Eyyüp Kadir İnan xalqlarımız və dövlətlərimiz arasında münasibətlərini inkişaf etdirməyin əsas məqsəd olduğunu bildirib. Bundan sonrakı fəaliyyətlərinin daha intensiv və sıx olacağına əminliyini bildirən Eyyüp Kadir İnan YAP Gənclər Birliyinin sədrini Türkiyəyə dəvət edib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında gənclər arasında əlaqələrin inkişafının vacib olduğunu bildiriblər. “İki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi hər iki ölkə üçün önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və türk gənclərin şəbəkələşməsini təmin edə bilərik. Əsas məqsədimiz Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə miras kimi qalsın”,- deyə B.İslamov vurğulayıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

2021-07-27