İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin İdarə Heyətinin üzvləri ölkəmizin İstanbuldakı baş konsulu ilə görüşüblər

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin İdarə Heyətinin üzvləri ölkəmizin İstanbuldakı baş konsulu ilə görüşüblər

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) İdarə Heyətinin üzvləri ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı iki qardaş ölkənin ictimaiyyət nümayəndələri arasında mövcud əlaqələr, Türkiyədə, o cümlədən İstanbulda fəaliyyət göstərən dərnəklərin iş prinsipi müzakirə olunub.

Tədbirdə iştirak edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə baş konsula öz təbriklərini çatdırıb, bu tarixi Qələbəni bütün türk dünyasının Zəfəri adlandırıb.

Öz növbəsində İSTAD rəhbərliyinə görüş və təbrik üçün təşəkkürünü bildirən baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində əldə olunan bu Qələbənin, həm də xalq ilə dövlətin bir yumruq kimi birləşməsinin bütün dünya üçün gözəl nümunə olduğunu vurğulayıb.

N.Mustafayeva qədim tarixə malik Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da əsrlər boyu davam edəcəyindən əmin olduğunu bildirib.

2021-09-25