Akkan Suver: İki qardaş liderin Füzuli aeroportunu birlikdə açması türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır

Akkan Suver: İki qardaş liderin Füzuli aeroportunu birlikdə açması türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır

İşğaldan azad olunan Füzulidə çox qısa zamanda inşa edilən yeni hava limanına enən ilk xarici təyyarənin məhz Türkiyəyə məxsus olması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə gəlməsi Türkiyə-Azərbaycan münasibətlərinin növbəti qardaşlıq nümunələrindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver bildirib.

İki qardaş ölkə liderinin hava limanının açılışını bərabər etməsinin türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayan professor deyib: “Bu tarixi görüntülər birliyimizin, həmrəyliyimizin misli görülməyən, qürurverici nümunələrindəndir. Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə yanaşı, uzun illər ermənilər tərəfindən dağıdılaraq viran qoyulan Qarabağın müxtəlif bölgələrində yeni layihələrin təməllərinin bərabər qoyulması ölkələrimiz, eyni zamanda, bölgə üçün çox mühüm hadisədir. Zəngəzur dəhlizi tarixi salamlamaq üzrədir ki, bu da ölkələrimizlə yanaşı, regionun inkişafına töhfə verəcək.

Türkiyə Prezidentinin Azərbaycana bu səfəri birliyimizin yeni və daha iri addımlarla irəliləməsinin daha bir nümunəsidir”.

2021-10-27