Ukraynalı politoloq: Azərbaycan və Türkiyə prezidentlərinin mühüm hadisələrdə birgə iştirak etməsi çox mətləblərdən xəbər verir

Ukraynalı politoloq: Azərbaycan və Türkiyə prezidentlərinin mühüm hadisələrdə birgə iştirak etməsi çox mətləblərdən xəbər verir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən tədbirlər həmin ərazilərin bərpası tarixində mühüm rəmzi məqamdır. Füzuli aeroportunun rəsmən açılışı bu istiqamətdə qazanılmış uğurları bir daha vurğulayır. Belə bir layihənin qısa müddətdə - praktiki olaraq 8-9 ay ərzində reallaşması işğaldan azad edilmiş regionların reinteqrasiyası məsələlərinin həllinə Azərbaycan yanaşmasının yaxşı illüstrasiyasıdır.

Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun eksperti, politoloq Nikolay Zamikula bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Aeroportunun rəsmi açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulması mərasimlərində iştirakını şərh edərək söyləyib.

N.Zamikulanın sözlərinə görə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması da mühüm məqamdır. Gələcəkdə bu yol Zəngəzur dəhlizindən keçməklə Azərbaycanın şərq regionlarını Naxçıvan və Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutunun bir elementi olmalıdır.

Nikolay Zamikula daha sonra deyib: “Bu layihə üzərində işlərin başlanması Bakının bu istiqaməti bərpa etmək niyyətinin ciddi olmasından xəbər verir. Digər regional aktorların bu layihəyə əngəl törətmək cəhdlərinə baxmayaraq Azərbaycan həmin aktorların mövqeyinə görə öz mənafelərinin ziyanına hərəkət etməyə hazırlaşmadığını nümayiş etdirir.

Belə bir mühüm məqamda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mərasimlərdə birgə iştirak etməsi faktı çox mətləblərdən xəbər verir. Bu, ilk növbədə Azərbaycan-Türkiyə əməkdaşlığının çox yüksək səviyyədə olmasını, habelə münaqişədən sonrakı dövrdə Cənubi Qafqazın firavanlaşması üzərində birgə işləməyə hazır olduqlarını əyani şəkildə nümayiş etdirir. Mahiyyət etibarilə Azərbaycan ərazisində infrastrukturun bərpası müəyyən mənada yeni yanaşmanın rəmzidir. Belə yanaşma daha geniş regional kontekstə də tətbiq edilə bilər. Azərbaycan və Türkiyə Prezidentləri Ağbənd avtomobil yolunun təməlini qoymaqla yeni Cənubi Qafqazın təməli üzərində birgə işləməyə hazır olduqlarını göstərirlər”.

2021-10-27