“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər ediləcək

“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər ediləcək

“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər ediləcək.

AZƏRTAC xəbər verir ki, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Komitə sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə “Dövlət rüsumu haqqında” Qanun ilə müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət büdcəsinin büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

Qeyd edilib ki, mövcud qanunvericilikdə bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə müəyyən edilmiş dövlət rüsumunun dərəcələrinin onların tətbiq olunduğu dövrdən etibarən inflyasiyanın səviyyəsi nəzərə alınmaqla yenidən artırılmasına zərurət yaranıb. Eyni zamanda, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub. Qanunun qəbulu dövlət orqanları və müvafiq qanunlar tərəfindən göstərilən xidmətlərin və hüquqi hərəkətlərin keyfiyyət göstəricilərinin, o cümlədən qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artmasında mühüm rol oynayacaq.

2021-11-01