“The Jewish Press”: Füzulidə beynəlxalq aeroportun rəsmi açılışı Prezident İlham Əliyevin Qarabağın dirçəldilməsi planının başlanğıcı oldu

“The Jewish Press”: Füzulidə beynəlxalq aeroportun rəsmi açılışı Prezident İlham Əliyevin Qarabağın dirçəldilməsi planının başlanğıcı oldu

Ötən həftə Azərbaycanda Füzuli beynəlxalq aeroportunun rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, israilli jurnalist Raxel Avraam beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun nüfuzlu Amerika-İsrail mediaplatforması üçün verdiyi müsahibəyə ön sözdə bu barədə yazılıb.

Arye Qutun sözlərinə görə, bu mühüm və əlamətdar hadisə ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş Qarabağ regionunun bərpasında böyük bir mərhələdir. Ekspert deyib: “Bu rayon inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik firavan bir diyara çevriləcək”.

Bu ilin aprel ayında Qarabağda olmasını vurğulayan Arye Qut erməni vandalizminin, erməni qarətçiliyinin həqiqi simasını gördüyünü qeyd edir. O deyib: “Azərbaycan ilə Ermənistan arasında sonuncu Qarabağ müharibəsindən, erməni işğalından sonra Qarabağ regionunda daş-daş üstə qalmayıb, bütün evlər, uşaq bağçaları, məktəblər, kitabxanalar, muzeylər darmadağın edilib.

İşğalçı erməni ordusu vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan şəhərlərini yerlə-yeksan edib.

Sual olunur: Qarabağı özününkü adlandıran ölkə şəhərləri faşistlər kimi məhv edə, onları ruhlar diyarına çevirə, gedəndə evləri yandıra bilərmi?”.

İsrailli ekspert qeyd edib ki, bu gün Azərbaycan həmin torpaqların həqiqi sahibinin kim olmasını bütün dünyaya sübut edir. Qut deyib: “İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük diplomatik və hərbi-texnoloji qələbəsi bu regionu dirçəltməyə imkan verir. Füzuli aeroportunun tikintisi bu qələbənin kulminasiya nöqtəsi olub. Prezident İlham Əliyev başda olmaqla müasir Azərbaycan rəhbərliyi bərpa siyasətinə sadiq olduğunu dünya birliyinə nümayiş etdirib.

Qəzetin müxbiri Raxel Avraam qeyd edir ki, Birinci Qarabağ müharibəsi dövründə 1 milyona yaxın azərbaycanlı əzəli torpaqlarından qovulub. Bunun yeganə “səbəbi” onların azərbaycanlı olması idi.

Arye Qut vurğulayıb ki, Zəngəzur dəhlizi açılmaqla rəsmi Ankara Naxçıvandan və həmin dəhlizdən keçməklə həm Azərbaycanın qalan hissəsinə, həm də türkdilli ölkələrə və Mərkəzi Asiya bazarlarına birbaşa çıxış əldə edəcək. Bu marşrut daha qısa və daha ucuz olacaq. Hazırda Türkiyənin yük maşınları yükləri bu bölgəyə çatdırmaq üçün əsasən Rusiya və Gürcüstan ərazisindən keçməli olur.

İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Prezident Əliyev Ermənistana dinc yanaşı yaşamağı təklif edib və üçtərəfli Bəyanata Zəngəzur dəhlizi barədə ayrıca bəndin daxil edilməsini Azərbaycan üçün mühüm siyasi nailiyyət adlandırıb.

Arye Qut sonda deyib: “Beləliklə, Füzulidə beynəlxalq aeroportun rəsmi açılışı və yeni avtomagistral şəbəkəsinin təməlinin qoyulması Qarabağın dirçəldilməsi və Cənubi Qafqaz regionunda həqiqi geostrateji özək olan Azərbaycanın geosiyasi qüdrətinin möhkəmlənməsi üzrə yeni geosiyasi strategiyanın və “Əliyev planı”nın həyata keçirilməsinin başlanğıcı olub”.

2021-11-02