Azərbaycanın Tacikistandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib

Azərbaycanın Tacikistandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib

Azərbaycanın Tacikistandakı səfirliyi Düşənbədəki “Hyatt Regency Dushanbe” mehmanxanasında Zəfər Günü münasibətilə rəsmi ziyafət verib.

AZƏRTAC xəbər verir ki, Tacikistan Respublikasının Ali Məclisinin, Xarici İşlər Nazirliyinin nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumları əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənib, torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin birinci ildönümü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib, otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunduğunu, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb.

Səfir Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə təkcə ərazi bütövlüyünün deyil, həmçinin tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin təmin edildiyini vurğulayıb. Bu il Azərbaycanın müstəqilliyinin 30-cu ildönümünün də qeyd olunduğunu diqqətə çatdıraran səfir Azərbaycanın sürətlə inkişaf edən və mütərəqqi dövlətə çevrildiyini bildirib.

Əldə olunmuş Qələbə ilə regionda yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayan səfir fəaliyyətə başlayacaq yeni nəqliyyat dəhlizinin imkanlarından danışıb, ölkələr arasında əməkdaşlığın genişlənəcəyini qeyd edib.

Tədbir çərçivəsində təşkil edilən sərgidə 44 günlük Vətən müharibəsi ilə bağlı şəkillər, Vətən müharibəsinin tarixini, dövlətimizin başçısının çıxışlarını, Azərbaycan xalqının birlik və bərabərliyini özündə ehtiva edən videomateriallar nümayiş olunub.

2021-11-10