Braziliyalı jurnalistlər və diplomatlar Azərbaycanın regionda sülh istiqamətdə atdığı addımlar barədə məlumatlandırılıb

Braziliyalı jurnalistlər və diplomatlar Azərbaycanın regionda sülh istiqamətdə atdığı addımlar barədə məlumatlandırılıb

Azərbaycanın Zəfər Gününün ilk ildönümü ilə əlaqədar Braziliyadakı səfirliyimiz bu ölkədə fəaliyyət göstərən ABRAJINTER - beynəlxalq əlaqələr və diplomatiya sahəsində ixtisaslaşan Braziliya Jurnalistləri Birliyinin üzvləri və dost ölkələrin diplomatları üçün ziyafət təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Braziliya və Azərbaycan himnləri ilə başlanan tədbir səfir Elxan Poluxovun çıxışı ilə davam edib. O, otuz ilə yaxın davam edən erməni təcavüzünə keçən il 44 günlük müharibə nəticəsində son qoyulduğunu və bunun arxasında ulu öndər Heydər Əliyevin müdrik siyasətinin, onun davamçısı Prezident İlham Əliyevin dəmir iradəsinin və xalqa inamının durduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Son günlər erməni revanşistlərinin çirkin əməlləri və yenidən hərbi yollara əl atmaları nəticəsində 7 əsgərimizin şəhid olduğu və 10 əsgərimizin yaralandığı bildirilib. Qeyd olunub ki, düşmənin 44 günlük müharibədən ibrət dərsi götürməməsi onun ordusuna baha başa gəlib, rəşadətli Silahli Qüvvələrimiz tərəfindən erməni hərbi birləşmələri bir daha darmadağın edilib.

Azərbaycanın regionda davamlı sülhə çağırışları və bu istiqamətdə atılan praktiki addımlarının bütün dünyada alqışlandığı və dəstəkləndiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, iki həftə öncə Braziliya Senatında parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiyanın Azərbaycana getməsi və işğaldan azad olunmuş ərazilərə ilk dəfə səfər edərək orada aparılan bərpa və yenidənqurma işlərinə şahid olması qonağı vətəninə dönəndən sonra Senatın tribunasından Braziliyanın da bu işlərə intensiv qatılması vacibliyini deməyə sövq edib.

Sonra qonaqlar dahi şairimiz Nizami Gəncəvinin 880-ci il dönümü ilə əlaqədar tarixdə ilk dəfə olaraq portuqal dilinə tərcümə edilmiş və dərc olunmuş “Yeddi Gözəl” əsəri, İRS jurnalının növbəti portuqal dilli nömrəsi və digər materiallarla tanış olublar. Tədbir yerli televiziya və bir sıra mətbuat orqanları tərəfindən işıqlandırılıb.

2021-11-19