Prezident İlham Əliyevin Aşqabad səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Prezident İlham Əliyevin Aşqabad səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Prezident İlham Əliyevin noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında iştirakı və keçirdiyi ikitərəfli görüşlər, eləcə də dövlətimizin başçısının fəaliyyətinə dair digər mühüm məqamlar Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi Azərbaycanın dövlət başçısının Aşqabad səfərini və ona bağlı təfərrüatları fərqli dillərdə təqdim edib. Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi də bu məlumatlar arasında mühüm xəbər kimi yer alır.

DHA xəbər agentliyi, “TRT Haber”, “Haber Global”, “TRT Avaz”, “CNN Türk” telekanalları, “Sabah”, “Milliyet”, “Yeni şafak”, “Vatan” qəzetləri və digər media quruluşlarında Prezident İlham Əliyevin Aşqabad səfəri mühüm tarixi hadisə kimi dəyərləndirilib.

Mövzu ilə bağlı xəbərlərdə Azərbaycanın xarici siyasətinin uğurlu nəticələrinə, iqtisadi sahədə qazandığı nailiyyətlərə toxunulur.

Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də İran Prezidenti Seyid İbrahim Rəisi ilə keçirdiyi ikitərəfli görüşlər barədə də türkdilli ictimaiyyətə geniş məlumat verib.

Ümumiyyətlə, İƏT XV Zirvə Toplantısı və tədbir çərçivəsində görülən digər işlər Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.

2021-11-29