Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana sadə dillə yalan danışdığını dedi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana sadə dillə yalan danışdığını dedi

İllər ərzində Prezident İlham Əliyev Ermənistanın yalanlarını tarixi faktlarla, beynəlxalq hüquqa istinad etməklə, ən əsası isə Azərbaycan xalqının milli maraqlarını rəhbər tutmaqla böyük ustalıqla, siyasi təmkinlə ən ali kürsülərdə ifşa etdi. Əslində, dövlətimizin başçısı bu işi hələ də davam etdirir. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanı döyüş meydanında diz çökdürdüsə, bu dəfə Azərbaycan Ermənistanı hüquqi müstəvidə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində məğlub etdi. Daha sadə dillə desək, Ermənistan dövlətinin yalan üzərində qurulduğu rəsmi şəkildə sübuta yetirildi. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə əsirlərinin” dərhal geri qaytarılmasına, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarını təmin etmədi. Beynəlxalq Ədalət Məhkəməsi bildirib ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılması ilə bağlı iddiasına dair əsaslandırılmış sübutlar təqdim edilməyib. Əslində, məhkəmə sadə dillə Ermənistana deyir ki, yalan danışırsan. Aydın məsələdir ki, Azərbaycan 44 gün ərzində Ermənistanın deyil, elə beynəlxalq hüquqla təsbit olunmuş, dünya birliyi tərəfindən də tanınan öz torpaqlarında vuruşurdu və bu baxımdan da heç bir müharibə cinayətindən söhbət belə gedə bilməz.

AZƏRTAC xəbər verir ki, bu sözləri politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq deyib: “Sözügedən üç məsələ üzrə ermənilərin iddiasının təmin olunmamasının əsas səbəbi odur ki, Azərbaycan, sadəcə, prinsipial, qalib dövlət kimi postmüharibə reallığına uyğun olaraq konstruktiv siyasət yürütmür, həm də sistematik işlər görür. Bu baxımdan da hüquqi müstəvidəki bu Qələbəmiz Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən doğur. Postmüharibə dövründə Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir”.

Ş.Həsənova vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız, yalan iddialarını haqlı olaraq təmin etməməsi haqqın və ədalətin növbəti təntənəsidir. Belə də olmalı idi. Məhkəmənin fərqli qərar verəcəyinə isə ancaq miflərə inanmağa vərdiş edənlər ümid edə bilərdi. Necə ki, illər ərzində “məğlubedilməz” erməni ordusu mifinə inanmışdılar. 44 günlük Vətən müharibəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə də müvafiq olaraq vaxtilə imzalanan, lakin icra olunmayan qətnamələri və yaradılan atəşkəsi qüvvəyə mindirmək üçün sülhün bərpa olunması məqsədilə əks-həmlə və sülhə məcburetmə əməliyyatları keçirdi, “məğlubedilməz” erməni ordusu mifini yerlə-yeksan etdi, indi də dövlətimiz beynəlxalq hüquq çərçivəsində bütün məsələləri sonuna qədər icra edir. Ermənistan müharibə qanunlarını heçə sayaraq Bərdədə, Gəncədə törətdiyi terrora, dağıtdığı mədəni və dini abidələrə, həyata keçirdiyi urbisid nəticəsində səhralığa çevirdiyi rayonlarımıza, kəndlərimizə, günahsız körpələrin, yaşlıların, qadınların, dinc sakinlərin öldürülməsinə görə də cəzalandırılmalı, Azərbaycan dövlətinə və xalqına qarşı vurduğu maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

“Hazırda Ermənistanın yeganə yolu Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində formalaşdırılan yeni geosiyasi reallıqla barışmaqdan keçir. Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə imza çəkdiyi sənədin mahiyyəti ondan ibarətdir ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən dəhlizlərin açılması hər hansı şifahi və ya diplomatik danışıqlar nəticəsində üzərinə götürülmüş öhdəlik deyil, o öhdəliklər ağ bayraq qaldıraraq təslim olub, məğlubiyyəti nəticəsində kapitulyasiya aktına imza atması ilə yerinə yetirməyə borclu olduğu öhdəliklərdir. Təhlil etsək görərik ki, bu, üçtərəfli sənədin digər bir bəndində vaxt verilərək Ermənistanın Kəlbəcər, Ağdam və Laçını boşaltması öhdəliyinə uyğundur. Yəni, Ermənistan üçtərəfli Bəyanatın bu maddəsinə də əməl etməyə borcludur. Bu məsələni isə Prezident İlham Əliyevin dekabrın 6-da Qubanın Qonaqkənd kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi arqumentlə gücləndirmək daha məqsədəuyğun olar: “Zəngəzur dəhlizinin açılış tarixini bizə bildirsinlər və belə olan halda, heç bir problem olmayacaq”, - deyə politoloq əlavə edib.

2021-12-08