Sahibə Qafarova: Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir

Sahibə Qafarova: Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir

Hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir. Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı söyləyib.

“Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Yaxşı bilirik ki, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Azərbaycan Prezidentinin hər bir xarici media orqanına müsahibəsi əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük Qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcək”, - deyə Sahibə Qafarova qeyd edib.

2021-12-14