Tokioda dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan tədbir keçirilib

Tokioda dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan tədbir keçirilib

Azərbaycanın Yaponiyadakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tədbirə qatılan soydaşlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. 2021-ci ilin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və xalqımız üçün uğurlu olduğunu vurğulayıb. Başa çatmaqda olan bu ilin rəşadətli Ordumuz tərəfindən müqəddəs Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin birinci ildönümü kimi tarixə düşdüyünü qeyd edib. Diplomat dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq arenada ölkəmizin mənafelərinin qorunduğunu, bunun yeni qələbələrə yol açdığını bildirib. Ötən dövrdə xalqımızın arzularının gerçəkləşdiyini qeyd edən diplomat 30 illik doğma yurd həsrətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib. Mənfur düşmənin istər hərb, istərsə də diplomatiya meydanında diz çökdürüldüyünü iştirakçıların diqqətinə çatdırıb. Bu böyük Zəfərin şəriksiz müəllifi olan Prezidentimizə Azərbaycan xalqının minnətdarlığının sonsuz olduğunu qeyd edib.

G.İsmayılzadə bu tarixi Zəfərin ölkəmizin iqtisadi qüdrəti, rifahı və əmin-amanlığı, daha yüksək zirvələrə doğru inamla addımlaması naminə ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin təntənəsi olduğunu vurğulayıb. Ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda bütün dünyada təqdir olunan, örnək göstərilən davamlı nailiyyətlərinin labüd nəticəsi olduğunu qeyd edərək, bu möhtəşəm Zəfərin Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının öz Liderinə sonsuz inam və etimadının qələbəsi olduğunu qeyd edib. Onun yenilməz qələbə bayrağı altında sarsılmaz milli birliyin, həmrəyliyin, dosta fəxarət verən, düşməni vahiməyə salan dəmir yumruğunun zəfəri olduğunu bildirib. Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə yazılan bu parlaq Qələbənin dünya durduqca xatırlanacağını, nəsildən-nəslə keçəcəyini, daim qürur və iftixar mənbəyimiz olacağını qeyd edib.

G.İsmayılzadə xalqımızın qarşıdan gələn yeni 2022-ci ili və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük sevinclə qarşıladığını vurğulayaraq, ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən Həmrəylik Gününün azərbaycançılıq ideyasının rəmzi və təcəssümü olduğunu bildirib. Bu əzəmətli ideyanın təntənəsini bütün xalqımız tərəfindən hamılıqla hiss olunduğunu qeyd edib. Belə bir əlamətdar gündə dünyanın müxtəlif guşələrində, o cümlədən Yaponiyada yaşayan soydaşlarımızın Ana Vətənə bağlılığını, milli birliyin, həmrəyliyin, qalibiyyət bayramının qürurunu yaşadığını deyib. Milli birlik və həmrəyliyin xalqımızın ən böyük mənəvi sərvəti olduğunu, Prezident İlham Əliyevin uzaqgörən siyasi rəhbərliyi ilə Azərbaycanı daha işıqlı sabahlara aparacağını diqqətə çatdırıb.

2021-12-28