Rusiya XİN: Cənubi Qafqazda sabitliyin təminatının əsas vasitəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin işə salınmasıdır

Rusiya XİN: Cənubi Qafqazda sabitliyin təminatının əsas vasitəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin işə salınmasıdır

Uzunmüddətli planda Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatının əsas vasitəsi 2021-ci il noyabrın 26-da Soçidə üç ölkə liderlərinin birgə Bəyanatında şərtləşdirildiyi kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və daha sonra demarkasiyası prosesinin tezliklə işə salınmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

Diplomat deyib: “İşi müvafiq ikitərəfli komissiyanın yaradılmasına yönəltmək mühümdür. Rusiya bu komissiyaya hərtərəfli, konsultativ kömək göstərməyə hazırdır”.

M.Zaxarova qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahatdır və tərəfləri bütün mübahisəli məsələləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırır.

2022-01-14