Səfirlik: Ukraynadan təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanır

Səfirlik: Ukraynadan təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanır

Müharibənin ilk günündən Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının, soydaşlarımızın təxliyəsi üçün siyahı hazırlanır. Ən çox müraciət Kiyev, Xarkov, Odessa, Dnepr şəhərlərindəndir. Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, hazırda səfirlik təhlükəsizlik üçün vətəndaşlarımızın olduqları yerdə qalmalarını tövsiyə edir. Çünki yollarda təhlükəsizlik problemi var. Ancaq paralel olaraq təxliyə prosesləri gedir.

“Ukraynada əsas problem nəqliyyat və benzin ilə bağlıdır. Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor fəalları, SOCAR, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, Türkiyənin Azərbaycandakı səfirliyi koordinasiyalı şəkildə işləyir. Hazırda 1000-dən çox insan təxliyə olunmaq üçün səfirliyə müraciət edib. Təhlükəsizliyə zəmanət verildiyi halda, təxliyə prosesinə başlanılacaq”, - deyə məlumatda qeyd olunub.

AZƏRTAC-ın xüsusi müxbirinin müşahidələrinə görə, Ukraynada artıq ərzaq və yanacaq qıtlığı hiss olunur. Kiyevdə yanacaqdoldurma məntəqələri işləmir. Çox az sayda işləyən ərzaq dükanlarının qarşısında isə uzun növbələr var.

2022-02-28