Vladanka Andreyeva: Azərbaycan BMT-nin humanitar yardımını alan ölkədən qlobal işlərdə mühüm rol oynayan dövlətə çevrilib

Vladanka Andreyeva: Azərbaycan BMT-nin humanitar yardımını alan ölkədən qlobal işlərdə mühüm rol oynayan dövlətə çevrilib

Azərbaycan 1990-cı illərdə BMT-nin humanitar yardımını qəbul edən ölkədən artıq qlobal işlərdə mühüm rol oynayan dövlətə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva jurnalistlərə müsahibəsində deyib.

"Bildiyiniz kimi, 2022-ci il mühüm hadisələrlə dolu olan bir ildir. Bu gün burada Azərbaycanla BMT arasında münasibətlərin yaranmasının 30-cu ildönümü ilə əlaqədar tədbirdəyik. Qeyd etmək istəyirəm ki, martın 2-dən biz silsilə tədbirlərin təşkilinə başlamışıq. Elə həmin gün bu tarixi qeyd etmək məqsədilə Bakının dənizkənarı parkında fotosərgi təşkil etmişik. Həmin sərgidə 100-dən çox foto şəkil sərgilənir. Onlar Azərbaycan ilə BMT arasında olan münasibətləri, aparılmış birgə fəaliyyəti nümayiş eetdirir. Azərbaycan bir çox məsələlərdə BMT ilə yaxından əməkdaşlıq edir", - deyə Vladanka Andreeva bildirib.

Rezident əlaqələndirici qeyd edib ki, bugünkü konfrans gənclərin dünyadakı hadisələrə təsiri, onların həmin hadisələrdəki rolunu qeyd etmək məqsədilə təşkil edilib. Konfrans çərçivəsində növbəti üç gün ərzində 15 universitet və ali təhsil ocağını təmsil edən 85-ə yaxın tələbənin a müxtəlif mövzular ətrafında müzakirələri təşkil ediləcək. İqlim dəyişikliyi, kibertəhlükəsizlik, təhlükəsizlik məsələlərində qadınların rolu, məcburi köçkünlərlə bağlı müxtəlif məsələlər müzakirə olunacaq və həll variantları təqdim ediləcək.

2022-04-13