Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Estoniyada bir sıra görüşlər keçirib

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Estoniyada bir sıra görüşlər keçirib

Azərbaycan Respublikası və Estoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Estoniyaya işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya tərəfindən olan nümayəndə heyəti ilə görüş keçirib.

Tədbirdə işçi qrupun Estoniya tərəfindən olan həmsədri Sven Sester bu səfərin parlamentlərarası əlaqələrin inkişafına təkan verəcəyinə, iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu deyib.

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun növbəti iclasının Tallin şəhərində keçirilməsi üçün S.Sesterin dəvət məktubuna görə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Jalə Əhmədova bu səfərin ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə, eyni zamanda, parlamentlərarası səviyyədə əməkdaşlıq perspektivləri müzakirə olunub, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yuri Ratas ilə görüşüb. Y.Ratas bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını söyləyib. Estoniya parlamentinin prezidenti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini ifadə edərək Azərbaycan və Estoniya arasında siyasi dialoqun, eyni zamanda, parlament diplomatiyasının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Jalə Əhmədova iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini bu əlaqələrin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış real vəziyyət, postmünaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olunması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. O, Estoniya iş adamlarını işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak etməyə dəvət edib.

Görüşdə parlamentlarası əlaqələr çərçivəsində əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Estoniyanın xarici işlər naziri xanım Eva Maria-Liimets ilə görüşüb. E.M.Liimets parlamentlərarası işçi qrupunun hazırkı səfərinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini qeyd edərək, bu baxımdan hazırkı siyasi dialoqun uğurla inkişaf etdiyini məmnuniyyətlə vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Jalə Əhmədova öz növbəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək bu əlaqələrin davam etdirilməsinin önəmini vurğulayıb.

Görüşdə, həmçinin Ukrayna ilə bağlı məsələyə toxunulub, Estoniyanın və Azərbaycanın bu ölkəyə humanitar yardımı diqqətə çatdırılıb.

Jalə Əhmədova Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində, həmçinin ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini əsas götürərək mövcud münaqişələrin həll olunmasına tərəfdar olduğunu deyib.

Estoniyanın xarici işlər naziri E.M.Liimets verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanı Cənubi Qafqaz regionunda strateji tərəfdaş qismində qəbul etdiyini vurğulayıb. Bu xüsusda, E.M.Liimets Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu xüsusi qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Estoniyanın Sahibkarlıq və İnformasiya Texnologiyaları və Ətraf Mühit nazirliklərində də müvafiq görüşlər keçirib.

2022-04-20