Kamal Cəfərov: ATƏT-in Minsk qrupuna verilən mandatı de-fakto etibarsız hesab edirik

Kamal Cəfərov: ATƏT-in Minsk qrupuna verilən mandatı de-fakto etibarsız hesab edirik

Ermənistanla Azərbaycan arasında müsbət sülh danışıqları başladığı vaxtda erməni deputatların AŞPA sessiyasının ilk günüdə səslənddirdikləri bəyanatları qeyri-konstruktiv hesab edirik. Çünki bunlar yalan iddialardır.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Avropa İttifaqının son kommünikesinə nəzər salsanız, “Dağlıq Qarabağ” və münaqişədən bəhs edilmədiyini görəcəksiniz. Həmin görüşdən sonra Ermənistanın baş naziri də Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yaz sessiyası çərçivəsində keçirilmiş sərbəst debatlar zamanı söyləyib.

“Görürük ki, erməni deputatların əksəriyyəti ATƏT-in Minsk qrupuna istinad edir. Bildirmək istəyirəm ki, biz ATƏT-in Minsk qrupu formatını qəti şəkildə rədd edirik, onu canlandırmaq üçün istənilən təşəbbüsü qətiyyətlə pisləyirik. Bunun səbəbi son 28 ildə ATƏT-in Minsk qrupunun münaqişənin həlli məsələsində sıfır nəticə göstərməsidir. Çünki ATƏT-in Minsk qrupu erməni işğalını leqallaşdırmaq və əbədiləşdirmək üçün yaradılıb. Ona görə də biz ATƏT-in Minsk qrupuna verilən mandatı de-fakto etibarsız hesab edirik”, - deyə K. Cəfərov vurğulayıb.

Qeyd edib ki, hazırda gündəlikdə olan məsələ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Bununla bağlı çoxlu müsbət yeniliklər var. Bunlardan biri aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti telefon danışığının olmasıdır. Nazirlər Birgə Sərhəd Komissiyasının tərkibini razılaşdırıblar. Yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının, eləcə də sülh müqaviləsinin hazırlanması üzrə işçi qqrupların iclaslarının keçirilməsi barədə razılığa gəlinib. İki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı son 30 ildə ilk dəfədir baş tutur.

“Biz hesab edirik ki, Azərbaycanla Ermənistan arasında münasibətlər iki ölkə tərəfindən tənzimlənməlidir. Kömək etmək istəyənlər bunu edə bilər, ancaq bu məsələyə heç bir qeyri-konstruktiv müdaxiləyə imkan verməyəcəyik. Bu, bizim mövqeyimizdir”, - deyə deputat bildirib.

2022-04-27