İtaliyalı senator: Azərbaycan enerji resurslarının tədarükü baxımından İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir
Azərbaycan enerji resurslarının tədarükü baxımından İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarsı Dostluq Qrupunun sədri, senator Stefano Luçidi deyib.
“Bu il biz İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Otuz il ərzində ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan İtaliyanın neft təchizatında birinci, təbii qaz tədarükündə isə üçüncü yerdə qərarlaşıb. TAP təbii qaz boru kəməri sayəsində Azərbaycan İtaliyanın təbii qaz təchizatında etibarlı tərəfdaşa çevrilib. İtaliya münaqişə dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, hazırda isə postmüharibə dövrünü yaşayırıq və bu, əlaqələrin inkişafının yeni müstəviyə keçməsi üçün fundamental əhəmiyyət kəsb edir. Hər iki ölkənin sənaye sahəsində, xüsusilə də kiçik biznes sektorlarında tərəfdaşlıq əlaqələrinin inkişafında böyük perspektivlər var”, - deyə italiyalı senator bildirib.