Azərbaycanla Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatının sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.

Nazir müavini Elnur Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüşüb.

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.

Görüşdə, həmçinin Azərbaycan ilə Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

2022-05-12