Azərbaycanla İran arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla İran arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

AZƏRTAC xəbər verir ki, ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan məmnunluq ifadə edən tərəflər, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan razılıqların, həmçinin İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərini ətrafında geniş fikir mübadiləsi aparıblar.

2022-05-19