Estoniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Estoniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Estoniyanın ətraf mühit naziri Erki Savisaar, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, Estoniyada akkreditə olunan bir sıra diplomatik nümayəndəliklərin, Estoniyadakı Azərbaycan icmasının, həmçinin yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Təntənəli mərasimdə əvvəlcə Estoniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbiri giriş sözü ilə açaraq 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu diqqətə çatdırıb. Səfir Cümhuriyyətin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir sıra mühüm, xüsusilə qadınlara seçib və seçilmək hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.

A.Məhərrəmov ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, bununla belə müstəqilliyin ilk illərində çətinliklərlə üzləşdiyini qeyd edib. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində Azərbaycanın dayanıqlı inkişafının təmin olunduğu vurğulanıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin hərtərəfli inkişafında böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Estoniya-Azərbaycan ikitərəfli əlaqələrindən söhbət açan səfir ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, bu il aprelin 20-də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb. Səfir Azərbaycanın Müstəqillik Günü münasibətilə Estoniyada yaşayan həmvətənlərimizi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Estoniya Respublikası hökuməti adından çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb. S.Sester bu ilin fevralında Milli Məclisin sədri Sahibə Qafarovanın Estoniyaya səfərini bu əlaqələrin bariz nümunəsi kimi səciyyələndirib.

Tədbirin davamı olaraq Azərbaycan rəqsləri ifa edilib. Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların nümayişi, həmçinin ölkəmizin tarixini və gözəl təbiətini əks etdirən rəsm əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Daha sonra tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.

2022-05-20