Avstraliya saytı Azərbaycanın Müstəqillik Günü münasibətilə xüsusi məqalə yayıb

Avstraliya saytı Azərbaycanın Müstəqillik Günü münasibətilə xüsusi məqalə yayıb

Avstraliyanın “vibemedia.net.au” saytında Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümünə həsr olunmuş məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə parlament demokratiyasının və dünyəviliyin əsas prinsipləri üzərində qurulan, Azərbaycan xalqının müstəqillik əzmindən ilhamlanan, Avropanın demokratik dəyərlərini və Şərq mədəniyyətinin cazibəsini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanovun müəllifi olduğu məqalədə deyilir: “Cəmi 23 ay yaşamasına baxmayaraq, ilk cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin təməllərini qurmaq və gələcək inkişaf yolunu müəyyənləşdirmək baxımından əhəmiyyətli idi”.

Yazıda birinci Cümhuriyyətin ənənələrinə sadiq qalan müasir Azərbaycanın dünya miqyasında özünü beynəlxalq birliyin tamhüquqlu və məsuliyyətli üzvü, ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri, çoxtərəfli və beynəlxalq əməkdaşlığın tərəfdarı, beynəlxalq hüququn prinsip və normalarının müdafiəçisi kimi özünü sübut etdiyi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün qəbul edilməsi və hazırda Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi vurğulanaraq ölkəmizin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına töhfəsinə diqqət yetirilib.

Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynayaraq etibarlı beynəlxalq tərəfdaşa, regional və qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələri infrastrukturunun təşəbbüskarına çevrildiyi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı, bütövlükdə regionun inkişafına töhfələri sadalanıb.

Son 30 ildə qonşu Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Qarabağ və ətraf yeddi rayonunun işğalından danışan müvəqqəti işlər vəkili R.Qurbanov 44 günlük müharibədən sonra onun öz ərazilərini azad edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevə istinad edilərək Azərbaycanın bütün regionun gələcək rifahı naminə davamlı sülhə nail olmaq üçün münaqişəni arxada qoymağa, artıq regional inkişaf, əməkdaşlıq və regionun bütün qonşu ölkələri arasında xoşməramlılıq şəraitində qarşılıqlı fəaliyyət üçün yeni imkanlara diqqət yetirib.

Məqalədə, həmçinin Avstraliya İttifaqının General-Qubernatoru Deyvid Hörlinin 28 May Müstəqillik Günü münasibətilə Avstraliya hökuməti və xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubundakı təbrikə və iki ölkə arasında dostluq münasibətlərinin növbəti illərdə də inkişaf edəcəyinə əminliyini ifadə edən arzularına yer verilib.

2022-05-31