ADA Universitetində Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

ADA Universitetində Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

ADA Universitetində Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilati dəstəyi ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə ADA Universiteti arasında telekörpü keçirilib. Tədbir Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Telekörpüdə hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri, eləcə də bütün bu illər ərzində dövlətlərarası səviyyədə görülən irimiqyaslı fəaliyyətin təhlilini aparan xüsusi dəvət olunmuş ekspertlər iştirak ediblər. Tədbirdə Türkmənistan və Azərbaycan Respublikasının iki qardaş xalqın uzunmüddətli maraqlarına cavab verən strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafının yeni istiqamətləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən diplomatlar, müvafiq nazirlik və idarələrin rəhbərləri Türkmənistan və Azərbaycanın hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini qeyd edərək, yüksək səviyyədə keçirilən görüşlərdə əldə olunan razılaşmalar və sazişlər buna xidmət etməsini vurğulayıblar. Ötən dövr ərzində iki ölkə arasında münasibətlər genişlənərək keyfiyyətcə yeni səviyyəyə çıxıb. Türkmənistan və Azərbaycan Respublikası həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar çərçivəsində uğurla əməkdaşlıq edir. Qlobal və regional miqyasda nüfuzlu təşkilatlar çərçivəsində irəli sürülən beynəlxalq təşəbbüs və təkliflərdə qarşılıqlı dəstək buna sübutdur.

Ekspertlər qeyd ediblər ki, yüklərin optimal sərfəli quru və dəniz marşrutları ilə nəqlini, onların beynəlxalq nəqliyyat strukturuna inteqrasiyasını təmin edən transkontinental tranzit-nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə layihələrin icrasında səylərin effektli birləşməsi üçün münasib şərait yaradan iki qardaş qonşu ölkənin əlverişli coğrafi mövqeyindən istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir.

Tədbirdə iştirak edən parlamentarilər parlamentlərarası əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin aktivləşdirilməsi, eləcə də Türkmənistan və Azərbaycan arasında qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıblar.

Telekörpünün sonunda iştirakçılar uzunmüddətli və konstruktiv əsasda, yeni məzmun kəsb edən Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Türkmənistan-Azərbaycan dostluq əlaqələrinin bundan sonrakı inkişafı birgə səylərlə bütün istiqamətlərdə təmin ediləcək. Bu, bizim dost xalqlarımızın maraqlarına tam cavab verir, regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məcrasında gedir.

2022-06-08