15 iyun Azərbaycan dövlətini müstəqilliyini itirməkdən, Azərbaycan xalqını isə parçalanmaqdan qoruyan xilas günüdür
1991-ci ildə Sovet dövləti tarixinin qürubunu yaşayarkən ittifaq dövlətləri öz mütəqilliklərini elan etməyə hazırlaşırdı. Tarixinin Qanlı 20 yanvar kimi hüznlü, ancaq bir o qədər də qəhrəmanlıq dolu bir səhifəsini çevirmiş Azərbaycan da 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək öz müstəqilliyinin bərpa olunduğunu elan etmişdir.
1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycana rəhbərlik etmiş, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və bununla da SSRİ-nin ali rəhbər şəxslərindən biri olmuş ulu öndər Heydər Əliyev həyatının Azərbaycanın müstəqilliyinin təminatçısı rolunu oynayacağı mərhələsinə doğru ilk addımını ataraq 20 Yanvarın ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində öz etiraz səsini ucaltmış, 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə silah çevirərək divan tutmuş Sovet Ordusunun amansız əməllərinə qarşı öz kəskin mövqeyini ortaya qoymuşdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, 1990-cı ilin yayında vətənə dönən Ulu Öndər Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi.1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul olundu və bununla əlaqədar Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edilməsi haqqında qərar qəbul olundu. Bu qərar üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsində mühüm rol oynadı. Belə ki, 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu verildi.
Ziyafət Əsgərovun sözlərinə görə müstəqilliyini yeni bərpa edən Azərbaycan bir sıra çətinliklərlə qarşılaşmalı olsa da, bu dövrü xalqımız üçün xüsusilə təhlükəli və dözülməz edən iki amil var idi: tarixən ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış edən ermənilərin bu istəklərini hərbi müstəviyə keçirərək Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlaması və tariximizin bəlkə də ən çox ali dövlət idarəetməsinə, səriştəli siyasi xadimlərə ehtiyacı olduğu dövrdə dövlət idarəçiliyimizin bundan məhrum olması.
“1991-1992-ci illərdə Azərbaycanın şəhər və rayonları erməni silahlı dəstələri tərəfindən sırası ilə işğal olunur, mövcud rəhbərlik isə çıxış yolu olaraq cəmiyyəti informasiya blokadasında saxlamağa çalışmaqla siyasi hakimiyyətini qorumağa çalışırdı. Təkcə bir fakt - 1992-ci il fevralın 26-da Xocalıda baş verən faciənin gizlədilməsi cəhdi və bu dəhşətli soyqırımı aktından sonra Xocalıda cəmi 3-4 nəfərin ölməsi barədə açıqlama verilməsi o dövrdə ölkə daxilindəki mənzərəni anlamağa kifayətdir.
1992-ci ilin yayında erməni işğalının daha da sürətlənməsi, özbaşınalıq, siyasi hərc-mərclik, AXC-Müsavat iqtidarının səriştəsizliyi, mərkəzi hakimiyyətin yerlərdə zəifliyi, təsadüfi adamların ilk siyasi təcrübələrini sınaqdan uğursuz keçirmələri fonunda siyasi olaraq parçalanmış qüvvələrə hərbi müxalifət də əlavə olundu. Xalqın bir yumruq kimi birləşib düşmənə qarşı müqavimət göstərməli olduğu bir vaxtda hərbi və siyasi müxalifət hakimiyyəti ələ almağa, mövcud iqtidar isə nəyin bahasına olursa olsun öz hakimiyyətini qorumağa çalışırdı. Bütün bunlar ölkəni vətəndaş müharibəsi astanasına qədər gətirib çıxarmış, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Məhz belə bir dövrdə 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Hətta mövcud siyasi dairələr də istəməsələr belə Heydər Əliyev-xalq birliyinin gücü qarşısında geri çəkilməyə məcbur oldular. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün həqiqətən də xalqımızın tarixində dönüş nöqtəsi oldu: Azərbaycan öz müstəqilliyini itirməkdən, xalqımız parçalanmaqdan, qardaş qırğınından xilas oldu. Ulu Öndər həm Azərbaycan dövlətçiliyinin, həm Azərbaycan xalqının xilaskarı missiyasını yerinə yetirdi. Xalqın Heydər Əliyevə olan inamı möhkəm və sarsılmaz idi. Bununla ölkəmizdə həm də Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu”, - deyə komitə sədri bildirib.
O diqqətə çatdırıb ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə dərhal Azərbaycanın inkişaf yolunu müəyyən edərək bir neçə istiqamətdə məqsədyönlü fəaliyyətə başladı, ilk öncə ölkədə sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu. İnsanların öz dövlətinə, dövlət başçısına inamı bərpa olundu. Siyasi islahatlara start verildi, ölkədə çoxpartiyalı sistem yarandı, demokratik idarəetmə sistemi formalaşdırıldı, ilk parlament seçkiləri keçirildi, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu.
Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Şübhəsiz ki, Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən biri də məhz Azərbaycan Ordusunun memarı olmasıdır. Xalqını sevən və onun yenidən müstəqillik qazanacağına əmin olan Ümummilli Lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli hərbi kadr hazırlığı, hərb sənətinin güclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi məsələlərini hər zaman diqqət mərkəzində saxlamışdır, müstəqil Azərbaycana rəhbərliyi dövründə də kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdırmış, Azərbaycan Ordusunu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir.
Həmin dövrdə Azərbaycanda həm də iqtisadi dirçəlişin əsasının qoyulduğunu vurğulayan Ziyafət Əsgərov deyib: “Ulu Öndərin rəhbərliyi ilə əsrin müqaviləsi adlandırdığımız, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə müqavilə bağlandı və Azərbaycan nefti dünya bazarına çıxarıldı. Müstəqilliyini yenicə bərpa etmiş, torpaqlarının iyirmi faizi düşmən işğalında qalan, hərbi əməliyyatların yenidən başlaması təhlükəsi olan bir dövlətə xarici dövlətlərin və şirkətlərin belə böyük bir layihədə külli miqdarda investisiya qoymasına tək səbəb dahi Heydər Əliyevin beynəlxalq nüfuzu, gücü, ona olan böyük inam və hörmət idi.
Ulu Öndərin tarixi xidmətlərindən biri də müstəqil Azərbaycanın ən uğurlu şəkildə dünya birliyinə inteqrasiyasının təmin edilməsi olmuşdur. Danılmaz həqiqətdir ki, “Bir millət iki dövlət” şüarı ilə Türkiyə Respublikası ilə qardaşlıq münasibətlərimizin formalaşmasının banisi Ulu Öndər olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasi fəaliyyət nəticəsində qonşu dövlətlər Rusiya, İran, Gürcüstan ilə dostluq əlaqələri ABŞ, Birləşmiş Krallıq və dünyanın digər güc mərkəzləri ilə diplomatik əlaqələr qurulmuş, beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaranmışdır.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də sonrakı dövrlərdə Azərbaycanın inkişaf yolunda büdrəmədən, dönmədən, əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, davamçı, qətiyyətli lider yetişdirməsi olmuşdur. Məhz bu layiqli davamçı - Prezident İlham Əliyev 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə adını əbədi həkk etdirmiş, Azərbaycan dövlətini tarixinin ən qüdrətli zirvəsinə yüksəltmişdir. Bununla da Prezident həm də Ulu Öndərin ən böyük arzusunu, özünün də dediyi kimi ata vəsiyyətini həyata keçirmişdir.
Bildiyiniz kimi, keçən il Milli Qurtuluş Günündə dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış digər mühüm tarix-siyasi hadisə baş verdi: Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi imzalandı. Bununla da Azərbaycan dövlətinin, Azərbaycan xalqının xilas günü olan 15 iyun tarixi ikiqat bayrama çevrildi”.