Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞPA-nın yay sessiyasında iştirak edirlər.

Yay sessiyasından əvvəl nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılıb.

Bu gün sessiyanın ilk plenar iclasında yay sessiyasının gündəliyi dinlənilərək qəbul ediləcək.

AŞPA yay sessiyasında Niderlandın Kralı Villem-Aleksandr və Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulun çıxışları gözlənilir. AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin, Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun, Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə qurumun yay sessiyası çərçivəsində “Avropada demokratik təhlükəsizliyi müdafiə etmək” adlı yüksək səviyyəli və interaktiv debat paneli nəzərdə tutulub. Panel “Avropada təhlükəsizliyə dair son çağırışlar: Avropa Şurasının rolu nədir?” adlı hesabatın davamı kimi təşkil olunduğu bildirilir.

Sessiya çərçivəsində müzakirə olunacaq digər mövzular arasında Rusiya- Ukrayna müharibəsinin humanitar nəticələri, xüsusilə də daxili və xarici miqrasiya, MH17 təyyarəsinin vurulmasına dair məsuliyyət kimi məsələlər də yer alıb. Həmçinin, AŞPA parlamentariləri onlayn kommunikasiyanın monitorinqi, Avropada antisemitizmin qarşısının alınması, ona qarşı necə mübarizə aparılması, keyfiyyətli xidmətlər və peyvənd əleyhinə miflərin məhv edilməsi yolu ilə peyvənd vasitəsi ilə qarşısı alına bilinən xəstəliklərlə mübarizə kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Sessiyada müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu, eləcə də sülh və barışıq proseslərində qadınlar üçün ədalət və təhlükəsizlik mövzuları üzrə debatlar aparılacağı bildirilir.

AŞPA yay sessiyası çərçivəsində Maltanın Avropa Şurasına üzvlüyü ilə bağlı öhdəliklərini yerinə yetirməsinə dair müzakirə olunacağı və onun Qırğız Respublikası parlamenti ilə demokratiya üçün tərəfdaşlığı nəzərdən keçirəcəyi bildirilir.

Həmçinin sessiya çərçivəsində Daimi Komitə və Büronun hesabatları dinləniləcək, “Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri”, “Müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu”, “Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə”, “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu”, “Onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə” kimi mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

2022-06-20