Estoniya Diplomatik Məktəbinin direktoru ilə görüşdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən danışılıb

Estoniya Diplomatik Məktəbinin direktoru ilə görüşdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən danışılıb

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov Estoniya Diplomatik Məktəbinin direktoru Ekke Nom ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında bütün sahələrdə, eləcə də təhsil sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin diplomatiya sahəsində bilikli və təcrübəli mütəxəssislərinin formalaşmasında ixtisaslaşan ADA Universiteti tərəfindən müxtəlif beynəlxalq proqramlar həyata keçirilir. Universitet tərəfindən təşkil edilən “Qabaqçıl Xarici Siyasət Proqramı” çərçivəsində 1620-dən çox diplomat və dövlət qulluqçusu, “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” və digər beynəlxalq proqramlar çərçivəsində 104 ölkədən 684 dövlət qulluqçusu və diplomat iştirak edib. Diqqətə çatdırılıb ki, sözügedən diplomatik proqramlar ADA Universitetinin idarəetmə heyətinin nümayəndələri və professor-müəllim kollektivi, xaricdən dəvət edilmiş təcrübəli ekspertlər, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən tədris edilir.

ADA Universiteti ilə Estoniyanın Diplomatik Məktəbi arasında müştərək layihələrin həyata keçirilməsi istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması üçün müvafiq potensialın mövcud olduğu qeyd edilib.

Söhbət zamanı səfir A.Məhərrəmov 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün infrastrukturun, milli-mədəni, tarixi və dini abidələrin dağıdıldığını, bəzi şəhərlərin tamamilə yerlə-yeksan olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Ermənistan bu hərəkətləri ilə bir çox beynəlxalq sənədlərin, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozub. Vaxtilə məcburi köçkün olmuş soydaşlarımızın dogma ev-eşiklərinə qayıtmasına əsas maneə kimi işğaldan azad edilmiş ərazilərdə minaların basdırılması təhlükəsinin mövcud olması diqqətə çatdırılıb. Məlumat verilib ki, Ermənistan tərəfi işğal zamanı həmin ərazilərdə çoxlu sayda mina basdırıb. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər öz həyatlarını itirirlər. Ermənistan bəzi mina xəritələrini Azərbaycana təqdim etsə də, oradakı məlumatların yalnız 25 faizi dəqiqdir.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, kommunikasiya xətlərinin açılması, sülh sazişinin imzalanması perspektivləri barədə məlumat verilib.

Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunan “Karabakh before and after occupation” kitabı qarşı tərəfə təqdim edilib.

2022-07-01