Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Türkmənistan səfirinə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı naminə uğurlu fəaliyyətinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Türkmənistan arasında müxtəlif formatlarda artan tərəfdaşlığın və dialoqun, yüksək səviyyəli mütəmadi səfərlərin və görüşlərin, dostluq dənizi olan Xəzərdə əldə edilmiş razılaşmaların və genişlənən əməkdaşlığın tarixi əhəmiyyəti vurğulanıb.

Səfir Mekan İşanquliyev Azərbaycanda doğma vətənindəki kimi fəaliyyət göstərdiyini qeyd edərək, xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu bildirib. Siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov səfir Mekan İşanquliyevə ən xoş arzularını çatdırıb.

2022-07-15