Mövlud Çavuşoğlu: Terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin Türkiyə ilə həmrəy olmasını gözləyirik

Mövlud Çavuşoğlu: Terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin Türkiyə ilə həmrəy olmasını gözləyirik

Terrorizmin nə milli, nə etnik, nə də dini mənsubiyyəti olmur. Bu təhlükə bütövlükdə bəşəriyyəti təhdid edir. Ona görə də bu təhlükəyə qarşı birgə və qəti mübarizə aparmaq lazımdır.

Bu fikirlər 2016-cı il iyulun 15-də baş vermiş və 251 nəfərin ölümü ilə nəticələnən dövlət çevrilişinə cəhdin altıncı ildönümü ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun AZƏRTAC-da ingilis dilində yayımlanan məqaləsində yer alıb.

Məqalədə dövlət çevrilişinə cəhdin təşkilatçısı FETÖ-nün türk xalqına qarşı törədilən digər ağır cinayətlərlə yanaşı, yüzlərlə insanın ölümünə görə də məsuliyyət daşıdığını vurğulayan nazir qeyd edib: “2016-cı il iyulun 15-də axşam saatlarında FETÖ ölkəmin xalqına və hökumətinə qarşı qanlı çevriliş cəhdini həyata keçirdi. Onların məqsədləri radikal, fundamental, yalnız öz liderləri Fətullah Gülənə sadiq bir rejim qurmaqdan ibarət idi. Bütün bu baş verənləri başa düşmək üçün FETÖ-nün əsl mahiyyətini anlamaq lazımdır. FETÖ 1960-cı illərin sonunda qondarma “dini hərəkat” olaraq yaradılıb. Bu təşkilat bədxah niyyətlərini təhsilin və dinlərarası dialoqun təşviqi pərdəsi arxasında ört-basdır etməyi bacarıb. Hökumətə qarşı olan bu çevriliş uğurlu olsaydı, bu gün tam fərqli bir Türkiyə görəcəkdik. Nə demokratiya mövcud ola bilərdi, nə də əsas hüquq və azadlıqlar təmin oluna bilərdi. Dövlət ekstremist hökumət tərəfindən idarə olunacaqdı”.

Məqalədə qeyd olunub ki, FETÖ nəinki təhsil müəssisələrinin əhəmiyyətli bir hissəsinə nəzarət edirdi, həm də çoxsaylı maliyyə qurumlarına sahib idi. Onların bank hesablarını sənaye və ticarət sahəsində tanınmış FETÖ üzvləri, eləcə də məmurlar və ictimaiyyət nümayəndələri bəsləyirdi. Onların bütün dünya üzrə təhsil müəssisələrindən əldə etdikləri böyük gəlir gizli şəkildə bu hesablara göndərilirdi.

2016-cı il iyulun 15-də baş vermiş qanlı çevriliş cəhdindən sonra dövlət qurumları və ordu daxil olmaqla, dövlət sektorunun, eləcə də özəl sektorun FETÖ ilə əlaqəsi olan bütün şəxslərdən və şirkətlərdən qəti şəkildə təmizlənməsi həyata keçirilib. Təşkilatın bəzi tanınmış üzvləri həbs olunub, digərləri isə ədalət mühakiməsindən qaçaraq xarici ölkələrə sığınıblar. FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən hələ də ABŞ-da yaşayır. Hökumətimiz illərdir ki, FETÖ üzvləri ilə yanaşı, F.Gülənin də Türkiyəyə ekstradisiyasını ABŞ-dan və Avropa ölkələrindən tələb edir. Təəssüf ki, bu müraciətlər hələ də cavabsız qalıb.

Qeyd olunub ki, dünyanın bir çox yerlərində getdikcə daha çox hökumətlər bu terror təşkilatının onlar üçün yaratdığı təhlükəni anlayır və lazımi addımlar atır. FETÖ təşkilatı, həmçinin viza saxtakarlığı, çirkli pulların yuyulması və silah alveri kimi qanunsuz fəaliyyətlərlə də məşğuldur. Beləliklə, bir çox ölkələrin dövlət və özəl sektorları FETÖ üzvlərindən təmizlənir. Xaricdə bu terror təşkilatı ilə əlaqəsi olan bir çox məktəb 2016-cı ildən sonra Türkiyə Maarif Vəqfinin tabeliyinə verilib. Bu gün maarif məktəbləri bir çox ölkələrdə fəaliyyət göstərir və dünya səviyyəsində mükəmməl təhsil imkanı təmin edir.

Türkiyənin FETÖ-yə qarşı mübarizəsinin mahiyyəti və miqyası digər ölkələrin həm rəsmiləri, həm də mülki insanları terrora məruz qoyan, demokratik dəyərləri, əsas hüquq və azadlıqları təhlükə altına alan təşkilatlara qarşı apardığı mübarizədən heç də fərqli deyil. Türkiyə terrorla mübarizədə müvafiq ölkələrin təcrübəsindən istifadə edir və bütün prosedurlar qanunauyğun şəkildə həyata keçirilir.

“FETÖ türk xalqına qarşı törədilən digər ağır cinayətlərlə yanaşı, yüzlərlə insanın ölümünə görə də məsuliyyət daşıyır. 2016-cı il 15 iyul tarixindən altı il sonra Türkiyə PKK, PYD-YPG, DHKP-C və İŞİD kimi digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirdiyi kimi, FETÖ-yə qarşı da qətiyyətli mübarizəsini davam etdirir. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin Türkiyə ilə həmrəy olmasını gözləyirik”, - deyə nazir Mövlud Çavuşoğlunun məqaləsində vurğulanıb.

2022-07-15